Tarix Muzeyində “Böyük Vətən Müharibəsinin Qələbəsində alimlərin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib

Tarix Muzeyində “Böyük Vətən Müharibəsinin Qələbəsində alimlərin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib
# 05 may 2015 10:31 (UTC +04:00)

Bakı. Ağa Cəfərli-APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində Veteranlar Şurası və Akademiyanın birgə təşkilatçılığı ilə Böyük Vətən Müharibəsində qələbənin 70-ci ildönümünə həsr olunmuş “Böyük Vətən Müharibəsinin Qələbəsində alimlərin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

APA-nın məlumatına görə, tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, Azərbaycanda böyük Qələbənin 70 illik yubileyi yüksək səviyyədə qeyd olunur. Alimlərimizin müharibə vaxtı əldə etdikləri uğurlardan danışan akademik qeyd edib ki, 1941-ci ilin yayında Bakıda ilk hidrogen birləşmələri qrupu hazırlanıb. Akademik Yusif Məmmədəliyevin başçılığı altında bir qrup alim 28 gün ərzində dayanmadan çalışaraq, neft-kimya elmində böyük hadisə olan yüksək oktanlı aviasiya yanacağı əldə edib. Bundan başqa, Azərbaycan alimləri mühüm hərbi əhəmiyyəti olan xlorlu metal, azoktanlı benzindən hərbi əməliyyat üçün vacib olan toluol almaq texnologiyasını hazırlayıblar.

Akif Əlizadə bildirib ki, akademik İzzət Orucovanın başçılığı altında Azərbaycan kimyaçıları təyyarə, tank və müxtəlif hərbi maşınlar üçün sürtgü yağları istehsalı texnologiyasını hazırlayıb istehsalata tətbiq ediblər.

Akademik məlumat verib ki, professor Mustafa Topçubaşov və onun tələbələri hərbi cərrahiyyədə yeni, səmərəli metodlar işləyib hazırlayıb, minlərlə yaralı döyüşçünü həyata qaytarıblar.

Tarix İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov bildirib ki, faşizm üzərində qələbədə xalqımızın xüsusi rolu olub. Onun sözlərinə görə, 1941-45-ci illərdə Azərbaycan SSR-dən orduya 700 minə yaxın adam səfərbər olunub ki, onların təxminən 11 min nəfəri qadın idi. C. Bəhramov Azərbaycan xalqının müharibəyə maddi yardımının da misilsiz olduğunu deyib.

Konfransda həmçinin Veteranlar Şurasının sədri, general-mayor Dadaş Rzayev, Rusiya Elmlər Akademiyası S.İ.Vavilov adına Təbiət və Texnika Tarixi İnstitutunun direktoru Yuri Baturin, Gürcüstan Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru Niko Cavaxşvili, Belarus Milli Elmlər Akademiyası Tarix İnstitutunun Yeni Belarus tarixi şöbəsinin müdiri, tarix elmlər namizədi Sergey Tretyak məruzələrlə çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR