Tacikistan DİN: “İŞİD” Ramazan ayında ölkədə silsilə terror aktları planlaşdırıb

Tacikistan DİN: “İŞİD” Ramazan ayında ölkədə silsilə terror aktları planlaşdırıb
# 24 iyul 2015 08:58 (UTC +04:00)

Bakı. Faiq Mahmudov – APA. Tacikistanda "İslam dövləti" terror qruplaşmasının Ramazan ayında ölkədə törətməyi planlaşdırdığı terror aktlarının qarşısı alınıb.


APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Tacikistan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları silsilə terror aktları törətməkdə şübhəli bilinən Düşənbə sakini, 1990-cı il təvəllüdlü Rəcəbəli Babacan adlı şəxsi saxlayıb.


R. Babacan sosial şəbəkələrin birində yazıb ki, hazırda "İslam dövləti" terror qruplaşmasının tərkibində Suriyada döyüşən Tacikistan vətəndaşı ilə tanış olub, əmrlərini qeyd-şərtsiz yerinə yetirəcəyini vəd edib. Dindirmə zamanı o bildirib ki, Ramazanın son ongünlüyündə 10 milis bölməsini partlatmaq niyyətində olub.


Tacikistan Daxili İşlər Nazirliyindən həmçinin bildiriblər ki, bir gün ərzində R. Babacan Kulyab, Düşənbə, Fayzabad və Qarma şəhərlərinin hərəsində 3 partlayış törətməyi planlaşdırırmış.

Əməliyyat zamanı həmçinin 39 yaşlı Sədrəddin Rəcəbov adlı şəxs saxlanılıb. O, R. Babacanın yardımçısı olub və “İŞİD” terror qruplaşmasının tərkibində döyüşmək üçün Suriyaya getməyi planlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR