Nazirlər Kabinetinin güzəştlərin həcmi və tətbiqi qaydası ilə bağlı qərarda dəyişiklik edilib

Nazirlər Kabinetinin güzəştlərin həcmi və tətbiqi qaydası ilə bağlı qərarda dəyişiklik edilib
# 02 avqust 2016 15:15 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Baş nazirin birinci müavini Yaqub Eyyubov “Güzəştlərin həcmi və tətbiqi Qaydasının, Malların (işlərin və xidmətlərin) qiymətlərində dəyişikliklərin satınalma müqaviləsinə təsirinin hesablanması üsulunun təsdiq edilməsi və bölünən hissələrin məbləğinin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin 2002-ci il 28 oktyabr tarixli 165 nömrəli qərarında dəyişikliklər edilməsi barədə qərar imzalayıb.

APA-nın xəbərinə görə, qərarda adından “həcmi və” sözləri çıxarılıb və “Güzəştlərin tətbiqi Qaydası” təsdiqlənib. “Güzəştlərin tətbiqi Qaydası” "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.10-cu maddəsinə uyğun olaraq hazırlanıb və dövlət satınalmaları zamanı satınalan təşkilatın yerli malgöndərənlər (podratçılar) üçün "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 36.9-cu və 44.2-ci maddələrinə əsasən güzəştli düzəlişin tətbiqi qaydasını müəyyənləşdirir.

Satınalan təşkilat tender təkliflərini (xidmət təkliflərini) qiymətləndirərkən və müqayisə edərkən, tenderin əsas şərtlər toplusunda (təkliflər sorğusunda) müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin (xidmət təkliflərinin) xeyrinə xaricdən idxal olunan eyni malların (işlərin və xidmətlərin) təklif edilən qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq edir.

Yerli malların (işlərin və xidmətlərin) xeyrinə tətbiq olunan güzəştli düzəlişin həcmi xaricdən idxal olunan eyni malların (işlərin və xidmətlərin) təklif olunan qiymətinin (malların idxalı ilə bağlı bütün gömrük ödənişləri, nəqliyyat və sığorta xərcləri, işlərə və xidmətlərə münasibətdə isə vergilər və qanunla müəyyən olunan digər xərclər nəzərə alınmaqla) 20 faizi həcmində qəbul edilir və həmin məbləğ xaricdən idxal olunan malların (işlərin və xidmətlərin) qiymətinin üzərinə əlavə olunur.

Malların yerli olması malın mənşə ölkəsinin müəyyən edilməsi qaydalarına uyğun olaraq, tenderdə iştirak etmək istəyən hüquqi və fiziki şəxslərin müraciətinə əsasən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən verilən mənşə sənədi əsasında müəyyən edilir.

İşlərin yerinə yetirilməsində ən azı 80 faiz yerli mallardan istifadə olunması nəzərdə tutulduqda, işlər üzrə nəzərdə tutulan əməkhaqqı fondunun ən azı 80 faizinin Azərbaycan Respublikasının vətəndaşlarına ödənilməsi nəzərdə tutulduqda işlər yerli hesab olunur.

Güzəştli düzəlişin tətbiqindən "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 36.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla, güzəştli düzəlişin tətbiqi üçün təqdim olunan sənədlərdə aradan qaldırılması mümkün olmayan çatışmazlıqlar olduqda, mallar (işlər və xidmətlər) yerli olmadıqda imtina edilir.

Güzəştli düzəlişin tətbiqindən imtina edilməsi barədə tenderin nəticələri haqqında tender komissiyasının yekun protokolunda əsaslandırılmaqla qeydlər aparılır.

Güzəştli düzəlişin tətbiqindən imtina edilməsi ilə əlaqədar "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun şikayət edilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR