Akademik Cəlal Əliyevə həsr olunmuş “Elm həqiqətdir” filmi təqdim olunub

Akademik Cəlal Əliyevə həsr olunmuş “Elm həqiqətdir” filmi təqdim olunub
# 02 iyul 2015 08:55 (UTC +04:00)

AMEA-dan APA-ya verilən xəbərə görə, akademikin 85 illik yubileyinə həsr olunmuş "Cəlal Əliyev. Davamlı inkişaf üçün fotosintez tədqiqatları-2013" mövzusunda beynəlxalq konfransın materialları əsasında hazırlanmış filmin təqdimatında dövlət və hökumət nümayəndələri, Milli Məclis deputatları, tanınmış elm adamları iştirak ediblər.

Tədbiri giriş sözü ilə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun direktoru, akademik İradə Hüseynova açıb. C. Əliyevin fotosintezlə bağlı əldə etdiyi elmi nəticələrinin dünyanın bir çox ölkəsində uğurla tətbiq olunduğunu söyləyən İ.Hüseynova bildirib ki, alim hələ ötən əsrin 70-ci illərindən başlayaraq, buğdanın fotosintez fəaliyyətinin sirlərini aydınlaşdırmaqla arzu olunan istiqamətə yönəltmək üçün genetik seleksiya işləri aparıb.

Qeyd edilib ki, akademik Cəlal Əliyevin təşəbbüsü ilə 300-dən çox elmi kadr hazırlanıb. Onlardan 85 elmlər namizədi və 11 elmlər doktoruna bilavasitə alimin özü rəhbərlik edib. Qazanılmış elmi uğurlar öz əksini nüfuzlu beynəlxalq nəşrlərdə tapıb. Görkəmli alim respublikamızda və xaricdə nəşr edilmiş 600-dən çox elmi əsərin, o cümlədən 25 monoqrafiya və kitabın müəllifidir.

Sonra film nümayiş etdirilib.

Daha sonra AMEA-nın prezidenti, akademik Akif Əlizadə, rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov görkəmli alim C. Əliyevin Azərbaycan elminin dünyada tanınması istiqamətində gördüyü işlərdən danışıb.

Təqdimat mərasimində çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Cəlal Əliyevin tələbəsi, Ekologiya və təbii sərvətlər nazirinin müavini, AMEA-nın müxbir üzvü Novruz Quliyev görkəmli alimin Azərbaycan elminin inkişafı naminə yorulmaz fəaliyyətindən, elmi yeniliklərinin dünyada maraqla qarşılanmasından söz açıblar.

Tədbir çərçivəsində Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvi Validə Əlizadə elmi redaktoru olduğu “Azərbaycanda yayılan fitoplazmaların genetik müxtəlifliyi” adlı kitabı ictimaiyyətə təqdim edib, akademikə həsr olunmuş yeni nəşrin elmi əhəmiyyətindən danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR