Ucarda elektrik enerjisinin verilməsində ciddi problem yaranıb

Ucarda elektrik enerjisinin verilməsində ciddi problem yaranıb
# 11 avqust 2014 13:05 (UTC +04:00)

Ucar. Zahid Abışov - APA. Ucarda elektrik enerjisinin verilməsində ciddi problem yaranıb. Abonentlərin APA-nın yerli bürosuna verdikləri məlumata görə, son bir neçə aydır ki, elektrik enerjisi rayona fasilələrlə verilir.

Hava şəraitindən asılı olmayaraq enerji verilişinin dayandırılması adi hal alıb. Son günlər havaların həddən artıq isti keçməsi abonentlərin bir qədər də narazılığına səbəb olub.

Sakinlərin sözlərinə görə, təkcə bu gün cəmi 2-3 saat enerji verilib. Qalan vaxtlarda isə enerji verilişi heç bir səbəb olmadan dayandırılıb: “Bu da soyuducuda olan yeyinti məhsullarının yararsız hala düşməsinə, kondisioner və digər elektrik enerjisi ilə işləyən məişət əşyalarının fəaliyyətinin dayanmasına səbəb olub. Bundan başqa, yerli poçt şöbələrində kommunal xidmət ödəyiciləri enerjinin kəsilməsi səbəbindən saatlarla gözləməli olurlar”-deyə sakinlər bildirib.

Yerli sakinlər məsələ ilə bağlı dəfələrlə Ucar Paylayıcı Elektrik Şəbəkəsinə və rayon rəhbərliyinə müraciət etdiklərini, amma bunun heç bir müsbət nəticəsinin olmadığını deyirlər.

Ucar Paylayıcı Elektrik Şəbəkəsinin növbətçi hissəsindən APA-ya verilən məlumata görə, rayona elektrik enerjisinin fasilələrlə verilməsinə səbəb yüksək gərginlikli elektrik naqillərinin iri gövdəli ağacların budaqlarına dəyərək tez-tez qırılması ilə əlaqədardır:“Bu səbəbdən də növbəli şəkildə yaşayış məntəqələrinə verilən elektrik enerjisi müvəqqəti dayandırılır və ağaclar budanır”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR