Dövlət Miqrasiya Xidmətinin rəisi Tacikistan səfirini qəbul edib

Dövlət Miqrasiya Xidmətinin rəisi Tacikistan səfirini qəbul edib
# 15 may 2015 13:01 (UTC +04:00)

Bakı. Ağa Cəfərli-APA. Bu gün Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Tacikistan Respublikasının Azərbaycandakı səfiri Zohir Saidovu qəbul edib.

DMX-nin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Tacikistan arasında tarixi kökləri olan mövcud dostluq münasibətlərinə toxunulub, ölkələr arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əlaqələrdən danışılıb.

F.Nəbiyev səfirə Ermənistan - Azərbaycan münaqişəsi barədə məlumat verib, Azərbaycanın 20% ərazisini Ermənistan silahlı qüvvələrinin işğalı etdiyini, BMT TŞ-nin 4 qətnaməsinin bu günə qədər Ermənistan tərəfindən yerinə yetirilmədiyini qeyd edib.

Xidmət rəisi, “Bakı 2015” birinci Avropa Oyunları kimi möhtəşəm bir tədbirə ev sahibliyi edən respublikamızın beynəlxalq birliyə verdiyi töhfələrə diqqət çəkib.

Sosial-iqtisadi tərəqqinin, sabitliyin, təhlükəsizliyin regionun lider dövləti kimi Azərbaycanı əcnəbilər üçün daha da cəlbedici etdiyini bildirən DMX-nin rəisi Tacikistan Respublikası vətəndaşlarının da ölkəmizə çoxsaylı səfərlərini qeyd edib və bunu Azərbaycanın və Tacikistanın dövlət müstəqilliklərinin bərpasından sonra respublikalarımız arasında genişlənən əməkdaşlığın nümunəsi kimi qiymətləndirib.

F.Nəbiyev Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində öz əksini tapmış müvafiq prosedurların - əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatının, ölkə ərazisində yaşamalarının əsaslarının və müddətlərinin, iş icazələrinin verilməsinin, nəzərdə tutulmuş digər müvafiq normaların tətbiqinin sadələşdirilməsindən, eləcə də miqrantların hüquqlarının qorunmasının daim diqqətdə saxlanılmasından söhbət açıb.

Səfir Zohir Saidov görüşdə verilən məlumatlardan məmnunluğunu ifadə edib, Azərbaycanın miqrasiya qanunvericiliyinin mütərəqqiliyini vurğulayıb. Diplomat son illər Azərbaycanda aparılan quruculuq işlərindən danışıb, təmsil etdiyi ölkənin vətəndaşlarının respublikamıza xüsusi maraq göstərdiyini deyib. Səfir mükəmməl qanunvericilik bazası əsasında müraciət edənlərə peşəkar xidmət göstərən mobil bir qurum kimi Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinin Azərbaycana səfər edən Tacikistan vətəndaşları tərəfindən də rəğbətlə qarşılandığını söyləyib.

Görüşdə respublikalar arasında miqrasiya sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR