Koreyada “İpək Yolu” mədəniyyət festivalında “Azərbaycan günü” keçiriləcək

Koreyada “İpək Yolu” mədəniyyət festivalında “Azərbaycan günü” keçiriləcək
# 21 avqust 2015 10:31 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Avqustun 21-dən oktyabrın 18-dək Koreya Respublikasının Qyonqcu şəhərində “İpək Yolu” mədəniyyət festivalı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan da təmsil olunacaq. Festival çərçivəsində avqustun 22-də “Azərbaycan günü” təşkil ediləcək.

Azərbaycan Mədəniyyət Fondunun və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, ölkəmizin Seuldakı səfirliyinin dəstəyi ilə keçiriləcək “Azərbaycan günü”ndə Dövlət Rəqs Ansamblının, Qədim Musiqi Alətləri Ansamblı üzvlərinin, pianoçu və solistlərin, Qəbələdən olan saz ifaçılarının çıxışları gözlənilir.

"Azərbaycan günü"ndən başqa, incəsənət ustalarımız bir həftə ərzində hər gün iki dəfə mədəniyyət proqramı ilə çıxış edəcəklər.

Nazirlikdən bildiriblər ki, Koreya Respublikasının Qyonqcu şəhəri ilə Azərbaycanın Qəbələ şəhəri arasında “Dostluq münasibətlərinin qurulması haqqında” saziş imzalanıb.

Sənədi bu ölkədə səfərdə olan Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və Qyonqcu şəhərinin meri Çoi Yanq-şik imzalayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR