Bu ilin iki ayında qeyri-neft sektoru üzrə ixrac 37% artıb

Bu ilin iki ayında qeyri-neft sektoru üzrə ixrac 37% artıb
# 06 aprel 2018 13:27 (UTC +04:00)

2018-ci ilin yanvar-fevral ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 241,7 mln. ABŞ dolları təşkil edib.

"APA-Economics"ə verilən məlumata görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın 2018-ci ilin mart ayı üçün sayında qeyd olunub ki, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-fevral ayında qeyri-neft sektoru üzrə ixrac 37,4% artıb.

"Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-fevral aylarında ən çox qeyri-neft məhsullarımız Rusiya Federasiyasına ixrac edilib. Belə ki, yanvar-fevral ayı ərzində Rusiyaya 67,8 mln., Türkiyəyə 65,4 mln., İsveçrəyə 25,6 mln., Gürcüstana 17,4 mln. və Çinə 7,6 mln. ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub", - deyə icmalda vurğulanıb.

2018-ci ilin yanvar-fevral ayları ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında qızıl birinci yerdə qərarlaşıb (24,4 mln. ABŞ dolları). Bu siyahıda ikinci yeri elektrik enerjisi (20,3 mln. ABŞ dolları), üçüncü yeri isə xurma (19 mln. ABŞ dolları) tutub.

Ümumiyyətlə isə yanvar-fevral ayları ərzində meyvə-tərəvəz ixracı 58,4 mln., plastmas və onlardan hazırlanan məmulatların ixracı 23,9 mln., alüminium və ondan hazırlanan məmulatların ixracı 20,7 mln., elektrik enerjisinin ixracı 20,3 mln., qara metallar və onlardan hazırlanan məmulatların ixracı 9,7 mln., kimya sənayesi məhsullarının ixracı 6,6 mln. ABŞ dolları olub.

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-fevral aylarında elektrik enerjisinin ixracı 5,9 dəfə, meyvə-tərəvəzin ixracı 50,9 %, pambıq ipliyi ixracı 43,4 %, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 14,8 %, kimya sənayesi məhsullarının ixracı 7,2 % artıb.

"Dövlət Statistika Komitəsinin məlumatına əsasən cari ilin fevral ayında isə qeyri-neft sektoru üzrə ixrac 119 mln. ABŞ dolları təşkil edib. 2018-ci ilin fevral ayında ən çox qeyri-neft sektoruna aid mal Türkiyəyə ixrac edilib(42,3 mln. ABŞ dolları). 2018-ci ilin fevral ayında qeyri-neft sektoru üzrə ixracda birinciliyə elektrik enerjisi sahiblənib(17,7 mln. ABŞ dolları). Bu siyahıda ikinci yeri xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (8,8 mln. ABŞ dolları), üçüncü yeri isə qızıl (19 mln. ABŞ dolları) tutub", - deyə icmalda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR