İran Səudiyyə Ərəbistanından BMT-yə şikayət edəcək

İran Səudiyyə Ərəbistanından BMT-yə şikayət edəcək
# 21 yanvar 2014 13:13 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Bundan sonra İranla “altılıq” ölkələri arasında nüvə müzakirələri yekun razılaşmanın əldə olunması üçün aparılacaq”.

APA - nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm yerli və xarici jurnalistlər üçün keçirdiyi həftəlik mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İran “altılıq” ölkələri ilə yeni yanaşma çərçivəsində apardığı nüvə müzakirələrdə özünün “qırmızı xətti”ni qoruyub saxlayıb: “Cenevrə razılaşmasına uyğun olaraq həyata keçirilən Birgə Fəaliyyət Planı ölkəmizin milli maraqlarına uyğundur. İran rəsmiləri və müxtəlif mütəxəssislərlə aparılan müşavirələrdən sonra bu istiqamətdə addım atılıb. Bundan əlavə, hər iki tərəf lazımi addımları atmaq üçün öhdəlik götürüb”.

M. Əfxəm deyib ki, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Nyu-Yorkda olarkən Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonu Tehrana səfərə dəvət edib: “Bu dəvət münasib zamanda həyata keçiriləcək”.

İran XİN nümayəndəsi həmçinin vurğulayıb ki, İranın Livandakı səfirliyi yaxınlığında terror aktını təşkil edən Məcid əl-Məcidin Səudiyyə Ərəbistanı ilə əlaqəsi hər kəsə məlumdur: “İran Səudiyyə Ərəbistanından BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlara şikayət edəcək”.

M. Əfxəm yanvarın 23-də İsveçrədə Suriya böhranının həlli məqsədilə keçirilməsi planlaşdırılan beynəlxalq konfransdan əvvəl işgəncə şəkillərinin yayılmasına da münasibət bildirib: “Mən həmin fotoları görməmişəm. Ancaq Suriya konfransından əvvəl belə şəkillərin ortaya çıxması şübhə yaradır. Çünki əvvəllər də dəfələrlə gündəmə gətirilən bu məsələdən Suriya hökumətinin əleyhinə bir atmosfer yaradılması məqsədi güdülə bilər. Suriya konfransı ərəfəsində bunun gündəmə gətirilməsi təbliğat məqsədli olduğunu göstərir. Bu cür xəbər və iddiaların həqiqəti əks etdirmədiyi dəfələrlə sübut olunub”.

M. Əfxəm qeyd edib ki, İranın Suriya siyasətinin əsasında siyasi dialoq, kənar hərbi müdaxilənin yolverilməzliyi və Suriya xalqının öz gələcəyi ilə bağlı qərar vermək haqqına hörmət dayanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR