AMEA institutlarının İKT-dən istifadə səviyyəsini yoxlamaq üçün monitorinqlərə başlanıb

AMEA institutlarının İKT-dən istifadə səviyyəsini yoxlamaq üçün monitorinqlərə başlanıb
# 27 may 2013 12:09 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutlarının İKT-dən istifadə səviyyəsini yoxlamaq üçün monitorinqlərə başlanıb.

Bu barədə APA-ya AMEA Rəyasət Heyətinin akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev məlumat verib.

Onun sözlərinə görə, hazırda yaradılmış işçi qrup tərəfindən AMEA-nın qurumlarına məxsus saytların monitorinqi aparılır: “AMEA prezidenti belə bir tələb qoyub ki, Akademiyanın bütün kommunikasiya texnologiyaları, veb saytları və onların üzərində olan sosial xidmətlərin hamısı yenilənməli, informasiya təhlükəsizliyinin və elektron hökumət texnologiyasının tələblərinə cavab verməlidir. AMEA saytlarının fəaliyyəti o qədər də qaneedici deyil. Hazırda ölkədə elektron hökumət qurulur. AMEA-nın qurumlarının saytları da bu tələblərə - vətəndaşla veb saytlar vasitəsilə təmaslar qurulmasına, vətəndaşların informasiya tələbatının ödənilməsinə, elmi nailiyyətlərin veb saytlar vasitəsilə çatdırılmasına, təhlükəsizlik tələblərinin gözlənilməsinə cavab verməlidir”.

R.Əliquliyevin sözlərinə görə, Rəyasət Heyətinin fəaliyyətinin informasiyalaşdırılması istiqamətində də tədbirlər həyata keçirlir: “Artıq bu istiqamətdə layihələndirmə işləri başa çatmaqdadır. Ondan sonra AMEA-nın qurumlarında İKT-nin bütün istiqamətlər üzrə tətbiqini həyata keçirəcəyik. Əsas tələblərdən biri AMEA-nın bütün institutlarının veb saytının olmasıdır. Rəyasət Heyətinin fəaliyyətində də kommunikasiya sistemi yenidən qurulacaq. Ayrı-ayrı struktur bölmələrin onlayn informasiya resursları yaradılacaq. Bu, tək Rəyasət Heyətində deyil, bütün institutlarda aparılacaq. Fibrooptik kabellər yeniləcək, şəbəkə imkanları artırılacaq. AMEA-nın informasiyalaşdırılması, elektron elmin formalaşması üçün İnformasiya Texnologiyaları İnstitutuna artıq tapşırıq verilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR