Azərbaycanın energetika naziri “Şərq-Qərb” qaz kəmərinin açılışında iştirak etmək üçün Türkmənistana dəvət edilib

Azərbaycanın energetika naziri “Şərq-Qərb” qaz kəmərinin açılışında iştirak etmək üçün Türkmənistana dəvət edilib
# 16 dekabr 2015 15:22 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Dekabrın 23-də Türkmənistanın Balkan vilayətində ölkənin Şərq hissəsinin iri qaz yataqlarını ölkənin Qərb regionları və Xəzər sahilləri ilə birləşdirən “ Şərq-Qərb” qaz kəmərinin təntənəli açılış mərasimi keçiriləcək.

Bu barədə “APA-Economics”ə Azərbaycanın Energetika Nazirliyindən məlumat verilib. Məlumata görə, Türkmənistanın neft-qaz sənayesi və mineral ehtiyatlar naziri Məhəmmədnur Halilov tərəfindən Azərbaycanın Energetika Nazirliyinə ünvanlanan dəvət məktubunda enerji sahəsində iki ölkə arasında əməkdaşlıq münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib.

Məktubda qeyd edilir ki, bu layihə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun türkmən təbii qazının beynəlxalq bazarlara nəqlinin diversifikasiyası, enerji təhlükəsizliyinin təminatı və energetika sahəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi siyasətinin reallaşmasında mühüm rol oynayacaq. Bu baxımdan,“Şərq-Qərb” qaz kəməri dünya energetika məkanında Türkmənistan və onun müttəfiqlərinin birgə maraqlarının uzunmüddətli təminatına xidmət göstərən, beynəlxalq münasibətlərin yeni forma və istiqamətlərinin tapılması perspektivi vəd edən layihə kimi nəzərdən keçirilir.

Bu hadisənin əhəmiyyətini nəzərə alaraq Azərbaycanın energetika naziri Natiq Əliyev “Şərq-Qərb” qaz kəmərinin təntənəli açılış mərasimində iştiraka dəvət edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR