Elmar Məmmədyarov Argentina xarici işlər nazirinin müavinini qəbul edib

Elmar Məmmədyarov Argentina xarici işlər nazirinin müavinini qəbul edib
# 21 sentyabr 2015 14:35 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Argentina xarici işlər nazirinin müavini Eduardo Zuainin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov Azərbaycanın Cənubi Amerika regionu ölkələri, xüsusilə Argentina ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini vurğulayıb.

Azərbaycanla Argentina arasında siyasi əlaqələrin inkişafının məmnunluq doğurduğunu deyən E. Məmmədyarov iki ölkə arasında xarici işlər nazirlikləri səviyyəsində mütəmadi keçirilən siyasi məsləhətləşmələrin əhəmiyyətini qeyd edib.

E. Zuain isə Azərbaycana ilk dəfə səfər etdiyini deyərək ölkəmizin qısa müddətdə əldə etdiyi sosial-iqtisadi inkişafla bağlı xoş təəssüratlarını bölüşüb. Azərbaycan və Argentina arasında əlaqələrin dinamik surətdə inkişaf etdiyini qeyd edən qonaq iki ölkə arasında sənaye, energetika, kənd-təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğunu söyləyib.

Görüşdə birgə səylər vasitəsilə iqtisadi-ticarət əlaqələrinin intensivləşdirilməsi məqsədilə tezliklə hökumətlərarası iqtisadi komissiyanın iclasının keçirilməsi ilə əlaqədar müsbət niyyət ifadə olunub. Söhbət əsnasında həmçinin beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan- Argentina əməkdaşlığının və qarşılıqlı dəstəyin bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulanıb.

Görüş zamanı BMT Baş Məclisinin qarşıdan gələn sessiyasının gündəliyində duran məsələlər, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR