Bakının ilkin mənzil bazarında ucuzlaşma müşahidə olunur

Bakının ilkin mənzil bazarında ucuzlaşma müşahidə olunur
# 29 oktyabr 2015 12:23 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Sentyabr ayında Bakı şəhərinin ilkin yaşayış mənzil bazarında satışa təklif olunan “pod moyak” yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti 1 037 dollar/kv.m-dən 3,09% azalaraq 1 005 dollar/kv.m-ə qədər, milli valyuta ilə isə ay ərzində 1 087 manat/kv.m-dən azalaraq 1053 manat/kv.m bəndində qərarlaşıb.

APA-Economics”in məlumatına görə, bu barədə “MBA Ltd” qiymətləndirmə və konsaltinq şirkətinin monitorinq qrupunun hazırladığı hesabatda deyilir.


May ayında qiymət indeksində 0.18 bənd azalma müşahidə edilib.


İlkin yaşayış mənzil bazarında təklif edilən mənzillərin əksər hissəsini 1 000 dollar/kv.m-ə qədər olan ucuz mənzillər təşkil edir, ümumi portfelin 65%-i. Qiyməti 1000-1500 dollar/kv.m aralığında olan orta mənzillərə düşən pay isə 28%-dir. Qeydə alınan orta bazar qiymətləri isə müvafiq olaraq 725 dollar/kv.m və 1140 dollar/kv.m-dir. Ümumi təklif portfelinin qalan 7,0%-ni isə qiyməti 1500 dollar/kv.m-dən yuxarı olan bahalı mənzillərdir, burada qeydə alınan orta qiymət isə 2080 dollar/kv.m-dir.

Hesabat ayı üzrə təklif portfelində satışa çıxarılan “pod moyak” mənzillərin sayında Nəsimi, Abşeron, Xətai və Yasamal rayonlarının payı mütləq çoxluq təşkil edir və bu 4 rayonun ümumi təklif portfelindəki payı birlikdə 76,0%-ə bərabərdir.

İlkin yaşayış mənzil bazarında kvadrat metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil 5 otaqlı təmirsiz mənzildə qeydə alınıb. Nəsimi rayonunda, Cavanşir körpüsü yaxınlığında yerləşən 264 kv.m sahəyə malik olan, tam təmirsiz mənzilin kvadrat metrinin satışa təklif olunan ilkin qiyməti 3200 dollar təşkil edib. Ən ucuz mənzil isə Abşeron rayonu, Xırdalan şəhərində qeydə alınıb. Ümumi sahəsi 104 kv.m olan 2 otaqlı yeni tikili mənzildə qeydə alınıb, 400 dollar/kv.m.

Son ayda bazarda təklif olunan “pod moyak” mənzillərin ümumi orta sahəsi 9,0% azalaraq 108,46 kv.m təşkil edib. Otaqlar üzrə isə bir otaqlı mənzilin ümumi sahəsi ortalama 60,0, iki otaqlı 87,2, üç otaqlı 124,0, dörd və beş otaqlı mənzillərdə isə müvafiq olaraq orta sahə 180,3 və 254,7 kv.m qeydə alınıb.

Bazara təklif olunan yeni tikili mənzillərin sayı ötən ayın təklif portfeli ilə müqayisədə 1,7% artıb. Təklif üzrə ən çox paya 2 və 3 otaqlılarda qeydə alınıb, müvafiq olaraq 34% və 33%. Ümumi təklif portfelinin 19%-ni 1 otaqlılar, qalan 14%-ni isə çox otaqlılar təşkil edib.

Ay ərzində təklif qiyməti Abşeron, Binəqədi, Nizami, Səbail, Suraxanı, Xətai və Yasamal rayonlarında azalmış, Nərimanov, Nəsimi, Qaradağ və Sabunçu rayonlarında isə nisbətən artıb.

Bazarda mənzillərin 1 kv.m-in orta qiymətindən (1005 dollar) aşağı olan mənzillər ümumi portfeldə daha çox paya, yəni 59,0%-ə malikdir. Bazara təklif olunan yeni tikili mənzillərin orta otaq göstəricisi 2,4, orta sahə göstəricisi 108 kv.m, hər otağın orta satış qiyməti 51 000 dollar, mənzilin orta qiyməti isə 122 300 dolları təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR