Bu il bəzi ölkələrdə "ASAN xidmət" mərkəzlərinin açılışı olacaq

Bu il bəzi ölkələrdə "ASAN xidmət" mərkəzlərinin açılışı olacaq
# 28 yanvar 2020 13:23 (UTC +04:00)

"Əsas hədəflərimizdən biri beynəlxalq arenada "ASAN xidmət"in təbliğatını aparmaq və daha çox ölkəyə ixrac etməkdir. Bununla bağlı 13 ölkə ilə ciddi işlər görülür". APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 2019-cu ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib. Agentlik sədri deyib ki, bu il ərzində bəzi ölkələrdə "ASAN xidmət" mərkəzlərinin açılışı olacaq və bu istiqamətdə işlər davam edir.

ASAN Beynəlxalq Assosiasiyası barədə məlumat verən Ü.Mehdiyev qeyd edib ki, hazırda Assosiasiyanın formalaşdırılması prosesi gedir: "Ötən ilin dekabrında 8 ölkənin eksperti ilə birgə nizamnamə layihəsi razılaşdırılıb və hazırda üzv ölkələr təsdiq olmuş nizamnaməni öz ölkələrində ratifikasiya etməlidirlər. Bundan sonra yenə də bir araya gələrək Assosiasiyanın fəaliyyətə başlamasını bəyan edə bilərik. Bu, qısa bir proses deyil, amma ilin birinci yarısında yekunlaşmalıdır".

Xatırladaq ki, ASAN Beynəlxalq Assosiasiya layihəsini imzalayan dövlətlər Azərbaycan, Mərakeş, Monteneqro, İndoneziya, Əfqanıstan, Türkiyə, Uqanda və Birləşmiş Ərəb Əmirlikləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR