Musa Qasımlı: "Təhsil Nazirliyi təqsiri olanları sərt cəzalandırmalıdır"

Musa Qasımlı: "Təhsil Nazirliyi təqsiri olanları sərt cəzalandırmalıdır"
# 09 oktyabr 2017 15:28 (UTC +04:00)

“Xəritənin dərsliyin rus variantına daxil edilməsini xoşagəlməz ictimai-siyasi nəticələr doğura biləcək kobud elmi-tarixi səhv hesab edirəm. Ancaq hadisənin məkrli məqsədlərlə edildiyini də istisna etmirəm”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, millət vəkili Musa Qasımlı deyib. Onun sözlərinə görə, ölkəmizdə dərsliklər dövlət dilimiz olan Azərbaycan dilində yazılır, sonra isə müvafiq dillərə tərcümə edilir: “Bütün variantlarda verilən fotoşəkillər, sxemlər, xəritələr və s. də eyni olur. Burada fərq ola bilməz, ümumi qayda belədir. Yaranmış qeyri-normal şəraitdə bir neçə ciddi sual yaranır: dərsliyin orijinalı olan Azərbycan dilindəki və tərcümə edilmiş gürcü dilindəki variantlarında həmin üzdəniraq, qondarma xəritə olmadığı halda rus variantına necə daxil edilib? Bu işi kim, hansı məqsədlər üçün edib? Axı, həm dərsliyi yazanlar və həm də Təhsil Nazirliyi tarixdə "Böyük Ermənistan" adlı bir dövlətin olmadığını yaxşı bilirlər. Dərslik işi ilə məşğul olan peşəkarlar da yaxşı bilirlər ki, dərslik yazılması və nəşrində qəbul edilmiş ümumi bir qayda var: dərsliyin bütün dillərdə olan variantlarının elmi redaktorları nəşrə gedən varianta (həm mətnə, həm şəkillərə, həm sxemlərə, həm də xəriətələrə və s.) tarixi göstərib, imza atmayınca heç bir nəşriyyat onu qəbul etməz və nəşri üçün məsuliyyəti öz üzərinə götürməz”.

M. Qasımlı əlavə edib ki, xəritənin dərsliyin rus variantına daxil edilməsini xoşagəlməz ictimai-siyasi nəticələr doğura biləcək kobud elmi-tarixi səhv hesab edirir: “Ancaq hadisənin məkrli məqsədlərlə edildiyini də istisna etmirəm. Bu barədə müəyyən mülahizələrim olsa da, fikir yürütmək istəmirəm. Ona görə də hesab edirəm ki, Təhsil Nazirliyi mövcud halı ciddi şəkildə araşdırmalı və digərlərinə ibrət olmaq, gələcəkdə belə kobud səhvlərə yol verməmək üçün təqsiri olanları sərt şəkildə cəzalandırmalı, dərslik yazılması üçün keçiriləcək tender prosesinə yaxın buraxmamalıdır. Çünki belə hallar sonda ictimai rəyi zədələyər və daha ağır proseslərə gətirə bilər. Həm də unutmaq lazım deyil ki, dərslik yazmaq və nəşr etdirmək dövlət siyasəti olduğundan bu prosesin başlanğıcından sonunadək bütün mərhələlərində iştirak edənlərin hamısında məhz dövlətçilik məfkurəsi olmalıdır. Həmin şəxslər yad məlumatların və materialların təsiri altına düşməməlidirlər”, - deyə, tarixçi alim bildirib.

Qeyd edək ki, X sinif “Всеобщая история” dərsliyindəki xəritədə Türkiyə, Gürcüstan və Azərbaycan ərazisinin bir hissəsi “Dənizdən-dənizə Böyük Ermənistan” dövlətinin tərkibi kimi göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR