Avropa Oyunlarının son rəsmi tərəfdaşı məlum olub

Avropa Oyunlarının son rəsmi tərəfdaşı məlum olub
# 13 mart 2015 12:06 (UTC +04:00)

Bakı – APA. Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi bu yay keçiriləcək ilk Avropa Oyunlarına Rəsmi Pərakəndə Bank qismində xidmətləri təmin etmək üçün “Kapital Bank”la müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, müqaviləyə əsasən, “Kapital Bank” I Avropa oyunlarının 8-ci və sonuncu rəsmi tərəfdaşı təyin edilib.

Azərbaycan gənclər və idman naziri Azad Rəhimov bununla bağlı fikirlərini bildirib. Onun sözlərinə görə, “Kapital Bank” milyonlarla azərbaycanlının gündəlik həyatının bir hissəsini təşkil edir: “Bu bank ümummilli səviyyədə güclü mövqeyə malikdi. Bu yay ölkə üçün böyük bir hadisə sayılan ilk Avropa Oyunlarında “Kapital Bank”ın öz rolunu oynayacağı anı səbirsizliklə gözləyirəm”.

“Kapital Bank”ın idarə heyətinin sədri Rövşən Allahverdiyev bu anlaşmadan məmnunluq duyduğunu ifadə edib: “Bakı-2015 Avropa Oyunlarının Rəsmi Tərəfdaşı kimi Azərbaycan tarixinin bir hissəsinə çevrilmək “Kapital Bank” üçün böyük fəxrdi. Bizim niyyətimiz milyonlarla müştərimizi Bakı-2015-in Azərbaycana gətirəcəyi həyəcana qatmaqla, ilk Oyunların uğuruna fəal şəkildə dəstək göstərməkdi”.

Bakı-2015-in Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq isə bu anlaşma ilə məqsədlərinin Avropa Oyunlarına mümkün olduğu qədər çox insanı cəlb etmək olduğunu vurğulayıb: “Komandamızın Rəsmi Tərəfdaşlar siyahısını “Kapital Bank”la tamamlamağımız Bakı-2015-lə bağlı məlumatların Azərbaycanın hər bir regionuna çatdırılmasına kömək edəcək”.

Əlavə edək ki, “Kapital Bank” Bakı-2015-in bütün məkanlarında ATM-lər, Media və Atletlər kəndlərində xarici valyutadəyişmə aparatları yerləşdirməklə, tamaşaçılar, mətbuat nümayəndələri və idmançılar üçün xidmət təmin edəcək.

Qeyd edək ki, Bakı-2015-in digər Rəsmi Tərəfdaşları Azərbaycan Hava Yolları, BP, “Coca-Cola”, “Nar Mobile”, P&G, ARDNŞ və “Tissot” şirkətləridi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR