Azərbaycan üçün əsas məsələ yalnız xarici investisiyaların cəlb edilməsi deyil, ölkənin regional biznes platformasına çevrilməsidir.
“APA-Economics” xəbər verir ki, bunu II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən panel müzakirəsində KPMG-nin Azərbaycandakı İdarəedici Partnyoru (rəhbəri) və KPMG Qafqaz və Mərkəzi Asiya üzrə İnfrastruktur Sektorunun rəhbəri Vitaliy Yakovlev bildirib.
Vitaliy Yakovlevin sözlərinə görə, bunun üçün üç əsas amil vacibdir: peşəkar insan kapitalının mövcudluğu, beynəlxalq standartlara uyğun infrastruktur və yeni bazarlara çıxış.
Vitaliy Yakovlev bildirib ki, Azərbaycanda təhsilin keyfiyyəti və gənc mütəxəssislərin peşəkarlığı artır, İT və mühəndislik sahələrində peşəkar kadrların sayı çoxalır. Beynəlxalq şirkətlərin ölkədə fəaliyyəti də beynəlxalq standartların və iş prinsiplərinin yayılmasına töhfə verir.
O, Azərbaycanın Asiya ilə Avropa arasında yerləşməsinin, nəqliyyat və enerji dəhlizlərinin, eləcə də hava nəqliyyatı imkanlarının ölkəyə regional üstünlük verdiyini vurğulayıb.
“Bütün bunlar Azərbaycanı regional platforma üçün çox əlverişli məkana çevirir. Lakin yalnız resurslar və coğrafi mövqe kifayət deyil”, – Vitaliy Yakovlev bildirib.
Vitaliy Yakovlev əlavə edib ki, investorlar üçün vergi güzəştlərindən daha çox gömrük, miqrasiya, valyuta tənzimlənməsi, kapitalın hərəkəti və arbitraj sahələrində sabit və aydın qaydaların mövcudluğu əhəmiyyət daşıyır. Onun sözlərinə görə, investorlarla Azərbaycan tənzimləyici qurumları arasında daha davamlı dialoq bu baxımdan mühüm rol oynaya bilər.