Bank Of Baku

Azərbaycan istehsal etdiyi müdafiə təyinatlı məhsulların çeşid sayını 350-yə çatdırıb

Azərbaycan istehsal etdiyi müdafiə təyinatlı məhsulların çeşid sayını 350-yə çatdırıb
# 17 dekabr 2009 10:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 2009-cu ildə istehsal edilən müdafiə təyinatlı məhsulların çeşid sayı 350-yə çatdırılıb. «APA-Economics»in məlumatına görə, bunu müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Y.Camalovun sözlərinə görə, bu il Dövlət Müdafiə Sifarişi Proqramı əsasında yaradılma üzrə 25 mövzunun işlənilməsi və 110 mərhələnin tam başa çatdırılması nəzərdə tutulur. Ümumilikdə, 2009-cu ildə yerinə yetirilmiş mövzuların sayı 2007-ci illə müqayisədə 2 dəfə artıb.

Nazir bildirib ki, istehsalı mənimsənilən məhsullar arasında uzaq məsafəli minaatanlar, snayper tüfəngi, əl qumbaraatanı, müxtəlif növ tank əleyhinə minalar, optik nişangahlar, aviasiya təlim bombaları, maskalanma toru, müxtəlif döyüş sursatları və bir sıra başqa məmulatlar var.

Y.Camalov həmçinin vurğulayıb ki, hazırda MSN-in müəssisələrində mülki təyinatlı məhsulların istehsalı da həyata keçirilir. Son üç ildə mülki təyinatlı məşsulların istehsalı 3 dəfə artıb.

Y.Camalov onu da qeyd edib ki, Kosmik sənayenin inkişafı Proqramı çərçivəsində MSN-in qarşısına bir sıra vəzifə qoyulub. Bu vəzifələrin icrası ilə bağlı Milli Aerokosmik Agentliyi tərəfindən tədbirlərin həyata keçirilməsinə başlanılıb: «Kosmik sənayenin inkişafı mövcud hərbi və strateji amilləri qiymətləndirməyə, zamanında düzgün qərarlar qəbul etməyə imkan verəcək. Həmçinin, operativ tədbirlərin həyata keçirilməsinə imkan yaradacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR