Bank Of Baku

Azərbaycanda sənaye istehsalının 76%-i mədənçıxarma sektorunun payına düşür

Azərbaycanda sənaye istehsalının 76%-i mədənçıxarma sektorunun payına düşür
# 22 yanvar 2010 09:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyev Azərbaycanın 2009-cu il üzrə makroiqtisadi göstəricilərinə dair mətbuat konfransı keçirib.

«APA-Economics»in məlumatına görə, tədbir çərçivəsində A.Vəliyev qeyd edib ki, ötən il ərzində Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) həcmi 9,3% və ya müqayisəli qiymətlərlə 3,7 mlrd. manat artaraq 34,6 mlrd. manata çatıb. Adambaşına isə 3 917,3 manatlıq (4 874,1 ABŞ dolları), yaxud 2008-ci ildəkindən 7,9% çox əlavə dəyər istehsal olunub.

A.Vəliyev onu da bildirib ki, hesabat ilində sənaye müəssisələrində çalışanların və sənaye məhsulu istehsalı ilə məşğul olan fiziki şəxslərin səyi nəticəsində 22,2 mlrd. manatlıq məhsul istehsal olunaraq 2008-ci illə müqayisədə 8,6% artıb: «Sənaye məhsulunun 75,7%-i istehsal olunmuş mədənçıxarma bölməsində 50,4 mln. ton neft və 16,3 mlrd. kubmetr qaz hasil olunub».

Ölkənin digər makroiqtisadi göstəricilərinə gəldikdə isə A.Vəliyev vurğulayıb ki, 2009-cu ildə kənd təsərrüfatı məhsulları istehsalı dəyər ifadəsində 3,5%, nəqliyyatla yük daşınması 3,7%, rabitə xidmətləri 13,1%, iqtisadi və sosial sahələrdə muzdla işləyənlərin orta aylıq əmək haqqı 8,6%, əhalinin gəlirləri 8%, əhalinin banklardakı əmanətləri isə 24,5% artıb.

DSK sədri həmçinin bildirib ki, 2010-cu ilin əvvəlinə ölkədə pensiyaçıların sayı 1,301 mln. nəfər olub və onların ölkə iqtisadiyyatında məşğul olan əhalinin hər 1 000 nəfərinə düşən sayı 319 nəfər təşkil edib.

Azərbaycanda demoqrafik vəziyyətə gəldikdə isə A.Vəlieyv qeyd edib ki, 2010-cu ilin əvvəlinə ölkə əhalisinin sayı 8,997 mln. nəfərə çatıb və ötən il ərzində 100 min nəfər və yaxud 1,1% artıb: «Cari ilin yanvar ayının ortalarında isə 9 milyonuncu Azərbaycan sakinini dünyaya gəlib. Hazırda ölkədə əhalinin sıxlığı 1 kv. km-ə 104 nəfər təşkil edir. Əhalinin 54,2%-i şəhər, 45,8%-i isə kənd yerlərində yaşayır. Ölkə əhalisinin 49%-ni kişilər, 51%-ni qadınlar təşkil edir və hər 1 000 nəfər kişiyə 1 041 nəfər qadın düşür».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR