Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti Qalmaz yeraltı qaz anbarını modernləşdirir

Azərbaycan Dövlət Neft Şirkəti Qalmaz yeraltı qaz anbarını modernləşdirir
# 26 yanvar 2010 07:00 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) cari ildə Qalmaz yeraltı qaz anbarını genişləndirməyi və modernləşdirməyi planlaşdırır. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Genişləndirilmədən sonra qazın aktiv saxlama həcmi iki dəfə artırılaraq 1,2 mlrd. kubmetrdən 2,4 mlrd. kubmetrə çatdırılacaq. Tikintinin baş podratçısı ARDNŞ-in «Neftqaztikinti» Trestidir.

Layihəyə əsasən, qaz anbarının paylayıcı sistemi 100 quyudan ibarət olacaq. Yaz mövsümündə qaz həmin quyulara vurulacaq, qış mövsümündə isə istehlakçıların təminatı üçün istifadə ediləcək. Hazırda daxili infrastrukturla təchiz edilmiş qazpaylayıcı sistemdə yoxlama, yenilənmə və genişləndirilmə işləri davam etdirilir. Eyni zamanda, 16 maşından ibarət kompressor stansiyasının modernləşdirilməsi istiqamətində işlərin aparılması da nəzərdə tutulur. Avadanlıqlardan 13-də əsaslı və orta, 3-də isə əsaslı təmir işləri görüləcək, stansiyaya daha iki maşın əlavə olunacaq. Artıq bu maşınların bünövrəsi betonlanıb.

Layihə çərçivəsində mövcud qaz kəmərinin ötürücülük gücünün artırılması da nəzərdə tutulur. Bu məqsədlə «Neftqaztikinti» Tresti ötən il oktyabrın 1-dən uzunluğu 46 km, ötürücülük qabiliyyəti sutkada 5-6 mln. kubmetr olan ikinci qaz kəmərinin tikintisinə başlayıb. İki hissədən ibarət olan kəmərin birinci hissəsi öz başlanğıcını «Şahdəniz» yatağından hasil olunan qazın daxil olduğu Səngəçal terminalından götürür. Uzunluğu 21 km olan 700 mm-lik bu xəttin inşası tamamlanmaq üzrədir. Qaz kəmərinin ikinci hissəsi düz bucaq altında Qalmaz yeraltı qazsaxlama anbarına qədər uzanır və bu hissə 1020 mm-lik borulardan inşa edilir.

Qaz anbarının modernləşdirilməsi cari ilin aprel ayınadək başa çatdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR