Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondunun aktivləri 15 mlrd. dollara çatıb

Azərbaycan Dövlət Neft Fondunun aktivləri 15 mlrd. dollara çatıb
# 26 yanvar 2010 13:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2009-cu il ərzində 32,8% artaraq 2010-cu ilin yanvar ayının 1-nə 11 966,5 mln. manat və ya 14 900,4 mln. ABŞ dolları təşkil edib. «APA-Economics» məlumatına görə, bunu Dövlət Neft Fondun icraçı direktoru Şaxmar Mövsümov bu gün keçirilən mətbuat konfransında bildirib.

Ş.Mövsümovun sözlərinə görə, 2009-cu ildə Fondun gəlirləri 8 176,7 mln. manata, xərcləri isə 5 294,5 mln. manata bərabər olub. Gəlirlərin tərkibində əsas hissə (7 702,6 mln. manat) mənfəət nefti və qazın satışından əldə edilib. Bundan başqa, Bakı-Tiflis-Ceyhan boru kəməri üzrə dividentlər 156,8 mln. manat, tranzit gəlirləri 8,9 mln. manat, akrhesabı ödənişlər 1,1 mln. manat təşkil edib. Əlavə olaraq, ötən il ərzində Fondun vəsaitlərinin idarə olunmasından əldə etdiyi gəlir 305,9 mln. manata, valyuta məzənnələrinin dəyişməsindən yaranan müsbət fərqlə bağlı büdcədənkənar gəlirlər isə 97,6 mln. manata bərabər olub. Qeyd edək ki, Fondun büdcəsinin gəlir hissəsi 97,8% səviyyəsində icra olunub.

Hesabat dövrü ərzində ARDNF-dan dövlət büdcəsinə həyata keçirilən transferlərin ümumi həcmi 4 915 mln. manat təşkil edib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılmasına Fonddan 89,9 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 130 mln. manat, Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişinin maliyyəşdirilməsinə 120 mln. manat, «Bakı-Tiflis-Qars yeni dəmir yolu Layihəsi»nin maliyyəşdirməsinə 22,1 mln. manat, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının (2007-2015-ci illər) maliyyəşdirilməsinə 7,9 mln. manat ayrılıb. Ötən il ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 9,6 mln. manat təşkil edib. Qeyd edək ki, Fondun büdcəsinin məxaric hissəsi 99,5% səviyyəsində icra olunub.

Ş.Mövsümovun sözlərinə görə, yanvarın 1-nə Fondun investisiya portfelində əsas yeri suveren istiqrazlar, beynəlxalq agentliklər və təşkilatların istiqrazları və maliyyə qurumlarının istiqrazları tutur.

Fondun rəhbəri həmçinin qeyd edib ki, Fondun vəsaitlərinin 98%-i A, AA və AAA reytinqlərinə malik olan qurumların qiymətli kağızlarında və depozitlərində yerləşdirilib.

Ötən il ARDNF-in vəsaitləri üzrə ortalama gəlirlik 3,29%-ə bərabər olub ki, bu da son 4 il ərzində müşahidə olunan ortalama gəlirlikdən (4%) bir qədər azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR