Bank Of Baku

Azərbaycanda regionun ən iri sement zavodu inşa olunacaq

Azərbaycanda regionun ən iri sement zavodu inşa olunacaq
# 29 yanvar 2010 10:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda «Norm» MMC tərəfindən Azərbaycanda inşa olunacaq regionun ən iri sement zavodunun tikintisi layihəsinin təqdimat mərasimi keçirilib.

«APA-Economics»in məlumatına görə, təqdimatı keçirən «Norm» şirkətinin inkişaf və strategiya üzrə müdiri Murad Sadıxov qeyd edib ki, zavodun yaradılması ilə bağlı işlərə cari ilin aprel ayının sonunda başlanacaq və artıq 2012-ci ilin may ayında zavod tam gücü ilə işləyərək ildə 2 mln. ton sement istehsal edəcək: «Yeni «Qızıldaş Sement» zavodu Qaradağ rayonu ərazisində, Səngəçal terminalının 3 km şimal-qərbində inşa olunacaq və müəssisənin ümumi sahəsi 160 hektar ərazini əhatə edəcək ki, artıq həmin ərazi ayrılıb».

Yaxınlıqdakı daş karxanalardakı tulantılardan (əhəngdaşı və yataq əhəngdaşı) xammal kimi istifadə olunacağını bildirən M.Sadıxov həmçinin qeyd edib ki, zavod gündə 5 min ton klinker istehsal edə biləcək: «Azərbaycanda sement istehlakının 70%-i Abşeron yarımadasının payına düşdüyündən, yarımadanın yaxınlığında yerləşəcək zavod strateji cəhətdən münasib mövqedədir».

M.Sadıxov onu da qeyd edib ki, zavodda müasir texnologiyalardan istifadə olunacaq, həmçinin, ətraf mühitin mühafizəsi üzrə bütün beynəlxalq normalara riyayət ediləcək. Artıq zavodun inşası ilə bağlı beynəlxalq tender elan olunub ki, 2010-cu ildə tenderin qalibi müəyyənləşəcək və həmin şirkətlə müvafiq müqavilə imzalanacaq: «Layihə üzrə texniki məsləhətçi qismində isə Hindistanın «Holtec Consulting Private Ltd.» şirkəti çıxış edir».

«Norm» MMC rəsmisinin sözlərinə görə, «Qızıldaş Sement» zavodunun istismara verilməsi üç mərhələdə həyata keçiriləcək. Belə ki, birinci mərhələdə 2012-ci ildə 2 mln. ton sement istehsal olunacaq, ikinci və üçüncü mərhələlərdə isə istehsal gücü əlavə xəttin tikintisi hesabına daha 4 mln. ton artırılacaq: «Nəticədə, istehsal gücü 6 mln. ton olacaq «Qızıldaş Sement» zavodu Azərbaycan və ümumilikdə Xəzər dənizi regionunda ən iri sement istehsalçısına çevriləcək ki, gələcəkdə məhsulun xarici ölkələrə də ixracı planlaşdırılır».

M.Sadıxov onu da bildirib ki, zavodun inşası üçün xarici banklardan kredit cəlb olunacaq. Belə ki, zavodun inşası üçün tələb olunan vəsaitin 70%-i kredit şəklində, digər 30%-i isə zavodun təsisçiləri tərəfindən ödəniləcək.

Qeyd edək ki, «Norm» MMC 2006-cı ildə sement müəssisələrinin tikintisi və daha sonra hazır məhsulun (sement və klinker) əsas etibarilə Azərbaycan bazarında satışı məqsədilə yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR