Bank Of Baku

Rumıniya Azərbaycan qazının alınmasında maraqlıdır

Rumıniya Azərbaycan qazının alınmasında maraqlıdır
# 02 fevral 2010 10:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Bakıda səfərdə olan Rumıniyanın ticarət, iqtisadiyyat və biznes mühiti nazirinin müavini Tüdor Şerbanı qəbul edib.

«APA-Economics»ə verilən məlumata görə, N.Əliyev 2009-cu ildə Azərbaycan iqtisadiyyatında əldə olunan nailiyyətlər, həmçinin iki ölkə arasında əlaqələrin hazırkı səviyyəsi və inkişaf perspektivləri haqqında məlumat verib.

Həmçinin, N.Əliyev Azərbaycan qazının Avropaya, o cümlədən Rumıniyaya idxalı perspektivlərindən danışıb. Nazir bildirib ki, Azərbaycan qazının maye şəklində Rumıniyaya nəqli ilə bağlı Azərbaycan, Gürcüstan və Rumıniya arasında üçtərəfli memorandum imzalanacağı gözlənilir: «Gürcüstanın bu memoranduma qoşulmasının əsas səbəbi Azərbaycan qazının nəqlində tranzit rolunda çıxış etməsidir. Azərbaycan qazının Rumuniyaya çatdırılması üçün Gürcüstanın ərazisində Maye Qaz Zavodu tikiləcək və bu müəssisə vasitəsi ilə Azərbaycanın təbii qazı maye hala çevrilərək tankerlərlə müvafiq ölkəyə çatdırılacaq».

N.Əliyevin sözlərinə görə, memorandumun imzalanması Rumıniya ilə aparılan danışıqların nəticəsindən asılı olacaq.

Rumıniyaya nəql olunacaq qazın qiymətinə gəldikdə isə, nazir bunun dünya neft bazarındakı qiymətlərlərdən asılı olacağını bildirib. «Azərbaycan Gürcüstanda tikiləcək Maye Qaz Zavodu ilə 20-30 il müddətinə müqavilə bağlayacaq. Uzunmüddətli öhdəlik çərçivəsində Azərbaycan qazı həmin zavoda satılacaq. Zavodun maliyyələşdirilməsi, hansı mexanizmlə idarə olunması və s. məsələlər sonrakı mərhələlərdə həll olunacaq», - deyə N.Əliyev bildirib.

Qeyd edək ki, Azərbaycan qazının Rumiyaya nəqli istiqamətində aparılan danışıqlar hazırda Bakıda davam etdirilir və günün sonunadək memorandum layihəsinin Azərbaycanla Rumıniya arasında imzalanması gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR