Bank Of Baku

MHŞT üzrə Çoxtərəfli Qrupun ilk iclası keçirilib

MHŞT üzrə Çoxtərəfli Qrupun ilk iclası keçirilib
# 04 fevral 2010 15:02 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrupun (ÇQ) ilk iclası keçirilib. Bu barədə «APA-Economics»ə ARDNF-in mətbuat xidmətindən məlumat verilib.

İclasda Çoxtərəfli Qrupun üzvləri 2010-cu il üçün iş planını müzakirə edərək təsdiq ediblər. Həmçinin MHŞT-də hesabatlılıq prosesinin təkmilləşdirilməsinə dair bir sıra təklifləri müzakirə etmiş və müvafiq qərarlar qəbul olunub. Eyni zamanda Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyası MHŞT üzrə 11-ci hesabat (2009-cu ilin ilk 6 ayı) – hökumətin hesabatı və Müstəqil Mühasiblərin Rəyi ilə bağlı öz rəyini açıqlayıb.

İclasda MHŞT üzrə 12-ci hesabat mərhələsinə start verilib. Çoxtərəfli Qrupun üzvləri 2009-cu ili əhatə edəcək hesabatların təhlil edilərək tutuşdurulması üçün audit şirkətinin seçilməsi məqsədilə keçiriləcək müsabiqədə iştiraka dair Azərbaycanda fəaliyyət göstərən və dünyada tanınmış nüfuzlu beynəlxalq audit şirkətlərinə bildiriş göndərilməsini qərara alıblar. Təşəbbüsün Azərbaycanda həyata keçirilməsinə dair mexanizmə uyğun olaraq seçiləcək audit şirkəti hesabat dövrü üzrə Azərbaycan hökumətinin və ölkədə fəaliyyət göstərən neft və qaz şirkətlərinin hesabatlarını təhlil edərək onlara rəy verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR