Bank Of Baku

BP şirkəti Azərbaycana nəzərdə tutulandan 44% çox səmt qazı təhvil verib

BP şirkəti Azərbaycana nəzərdə tutulandan 44% çox səmt qazı təhvil verib
# 01 mart 2012 13:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində «BP-Azerbaijan» şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar bloku layihəsi çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) 3,3 mlrd. kubmetr həcmində səmt qazı təhvil verib.

«BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, AÇG yatağının operatoru olaraq «BP-Azerbaijan» 2011-ci ildə 3 platformadan («Mərkəzi Azəri», «Qərb Azəri» və «Şimal Azəri») səmt qazını 28” ölçülü sualtı qaz kəməri vasitəsilə Səngəçal terminalına və oradan da ölkənin daxili istifadəsi üçün «Azəriqaz» dövlət qaz şəbəkəsinə göndərməkdə davam edib. «Çıraq» platformasında hasil edilmiş səmt qazının bir hissəsi isə mövcud 16” ölçülü sualtı qaz boru kəməri vasitəsilə ARDNŞ-ın «Neft Daşları»ndakı kompressor stansiyasına göndərilib.

AÇG platformalarından hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmaq üçün yataqdaxili sualtı qaz boru kəmərləri vasitəsilə «Mərkəzi Azəri»dəkı kompressor və suvurma platformasına göndərilib. Hazırda «Mərkəzi Azəri»də 5 quyudan laya qaz vurma əməliyyatları davam edir.

«Ötən il ərzində biz ARDNŞ-a gündə təxminən 9,1 mln. kubmetr AÇG səmt qazı vermişik. Ümumilikdə 2011-ci il ərzində ARDNŞ-a 3,3 mlrd. kubmetr AÇG səmt qazı təhvil verilib. Bu isə bütün il üçün nəzərdə tutulmuş 2,3 mlrd. kubmetr plandan çoxdur. Cari ildə biz ARDNŞ-a təqribən 3 mlrd. Kubmetr AÇG səmt qazı təhvil verəcəyimizi gözləyirik», - deyə «BP-Azerbaijan» şirkətindən bildirilib.

Göründüyü kimi, «BP-Azerbaijan» şirkəti 2011-ci ildə ARDNŞ-a nəzərdə tutulan həcmdən 43,5% çox səmt qazı təhvil verib.

Qeyd edək ki, AÇG yataqlarının işlənməsi layihəsində BP (operator – 35,78%), Azərbaycan Dövlət Neft Şirkəti (11,65%), «Chevron» (11,27%), «Inpex» (10,96%), «Statoil» (8,56%), «ExxonMobil» (8%), TPAO (6,75%), «Itochu» (4,3%) və «Hess» (2,72%) şirkətləri iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR