Bank Of Baku

Avropa Birliyi Xəzər regionundan təbii qazın nəqli üçün seçilən ixrac variantının genişlənmə imkanı olmasını vacib sayır

Avropa Birliyi Xəzər regionundan təbii qazın nəqli üçün seçilən ixrac variantının genişlənmə imkanı olmasını vacib sayır
# 06 mart 2012 14:58 (UTC +04:00)
Bu barədə “APA-Economics”ə AB-nin Bakı ofisindən məlumat verilib.

“Genişlənmə imkanının olmasına zəmanət verilməli, seçilən infrastruktur yeni qaz mənbələri olduğu təqdirdə, yeni qaz həcmlərini qəbul etmək üçün texniki və hüquqi baxımdan asanlıqla təkmilləşdirilmək imkanında olmalıdır. İndi qəbul edilən qərarlar gələcəkdə təkcə Azərbaycandan deyil, eləcə də Türkmənistandan və regionda olan digər mənbələrdən gələn qaz üçün açıq olmalıdır” - deyə məlumatda bildirilir.

Avropa Komissiyası AB-yə üzv olan 27 dövlətdən yekdil alınmış səlahiyyətlərə uyğun olaraq Transxəzər boru kəməri sistemi üçün çərçivə ətrafında Türkmənistan və Azərbaycanla danışıqları davam etdirir. AB boru kəmərinin seçilməsi prosesində qərarların çevik qəbul edilməsini, beləliklə, Cənub Qaz Dəhlizinin konkret olaraq gerçəkləşməsini arzulayır: “Buna görə də Türkiyə ərazisi ilə xüsusi ayrılmış fiziki infrastruktur bağlantısına dair məsələyə təcili olaraq aydınlıq gətirmək lazımdır. Xəzər dənizi hövzəsini AB ilə birləşdirəcək istənilən infrastruktur layihəsinin həyata keçirilməsi üçün hüquqi çərçivənin təhlükəsiz, sabit və şəffaf olması mühümdür. Boru kəmərinə dair irəli sürülən yeni təkliflər ətrafında baş verən yenilikləri böyük maraqla izləyirik”.

Xatırladaq ki, ötən il sentyabrın 7-də Avropa Birliyi Transxəzər layihəsi ilə bağlı Azərbaycan və Türkmənistanla danışıqlar aparmaq üçün Avropa Komissiyasına mandat verib. Sentyabrın 13-də Rusiya XİN bəyanatla çıxış edərək bildirib ki, 5 Xəzəryanı ölkə Xəzərin statusunu müəyyənləşdirənə qədər Transxəzər layihəsinin həyata keçirilməsi mümkün deyil. Buna baxmayaraq, Avropa Komissiyası Azərbaycan və Türkmənistanla Transxəzər qaz boru kəmərinin hüquqi bazası üzrə danışıqlara başlayıb.

Transxəzər qaz kəməri təbii qazın Azərbaycan ərazisi vasitəsilə Avropaya nəqli üçün Xəzərin Azərbaycan və Türkmənistan sahillərini birləşdirəcək. Tengiz (Qazaxıstan) - Türkmənbaşı (Türkmənistan) - Bakı (Azərbaycan) - Tiflis (Gürcüstan) - Ərzurum (Türkiyə) marşrutu ilə ildə 20-30 mlrd. kubmetr təbii qazın ixracı nəzərdə tutulur. Layihənin dəyəri 7,9 mlrd. avro məbləğində qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR