Bank Of Baku

Azərbaycan, Türkmənistan və Avropa Birliyi arasında Transxəzər qaz kəməri ilə bağlı üçtərəfli görüş keçirilib

Azərbaycan, Türkmənistan və Avropa Birliyi arasında Transxəzər qaz kəməri ilə bağlı üçtərəfli görüş keçirilib
# 12 mart 2012 09:53 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA-Economics. Brüssel (Belçika) şəhərində Transxəzər qaz kəmərinin reallaşdırılması məsələləri üzrə üçtərəfli görüş keçirilib.

APA-Economics”in “TURKMENinform”a istinadən xəbərinə görə, görüşdə Azərbaycan, Türkmənistan və Avropa Birliyinin nümayəndələri iştirak edib. Növbəti görüşün gələn ay keçirilməsi qərara alınıb.

Transxəzər qaz kəməri reallaşarsa, türkmən qazını Avropaya nəql edəcək “Nabucco” qaz kəmərinin bir hissəsinə çevrilə bilər. Türkmənistan “Nabucco” vasitəsilə ildə 40 mlrd. kubmetr qaz nəql etməyə hazır olduğunu bəyan edib. Potensial alıcılar isə OMV (Avstriya), MOL (Macarıstan), BOTAŞ (Türkiyə), “Bulgargaz” (Bolqarıstan), “Transgaz (Rumıniya) və RWE (Almaniya) şirkətləridir. Azərbaycan Dövlət Neft Şirkəti türkmən qazının Avropaya nəqli üçün öz infrastrukturunu və ölkə ərazisini təqdim etməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, ötən il sentyabrın 7-də Avropa Birliyi Transxəzər layihəsi ilə bağlı Azərbaycan və Türkmənistanla danışıqlar aparmaq üçün Avropa Komissiyasına mandat verib. Sentyabrın 13-də Rusiya XİN bəyanatla çıxış edərək bildirib ki, 5 Xəzəryanı ölkə Xəzərin statusunu müəyyənləşdirənə qədər Transxəzər layihəsinin həyata keçirilməsi mümkün deyil. Buna baxmayaraq, Avropa Komissiyası Azərbaycan və Türkmənistanla Transxəzər qaz boru kəmərinin hüquqi bazası üzrə danışıqlara başlayıb.

Transxəzər qaz kəməri təbii qazın Azərbaycan ərazisi vasitəsilə Avropaya nəqli üçün Xəzərin Azərbaycan və Türkmənistan sahillərini birləşdirəcək. Tengiz (Qazaxıstan) - Türkmənbaşı (Türkmənistan) - Bakı (Azərbaycan) - Tiflis (Gürcüstan) - Ərzurum (Türkiyə) marşrutu ilə ildə 20-30 mlrd. kubmetr təbii qazın ixracı nəzərdə tutulur. Layihənin dəyəri 7,9 mlrd. avro məbləğində qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR