Bank Of Baku

Nazir müavini: “Azərbaycan sənaye parklarının yaradılmasında xarici təcrübəni öyrənməlidir”

Nazir müavini: “Azərbaycan sənaye parklarının yaradılmasında xarici təcrübəni öyrənməlidir”
# 17 aprel 2012 09:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanda sənaye parklarının yaradılmasında xarici təcrübənin öyrənilməsinə ehtiyac var. “APA-Economics”in məlumatına görə, bu barədə iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Bakıda keçirilən sənaye parklarına dair regional konfransda çıxışında bildirib.

BMT ilə əməkdaşlıq barədə danışan N.Səfərov qeyd edib ki, hazırda Azərbaycanla təşkilat arasında gələcək əməkdaşlığın istiqamətlərini təsvir edən yeni proqram hazırlanır. Azərbaycanda sənaye parklarının yaradılması istiqamətində görülən işlər barəsində söz açan nazir müavini deyib ki, ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə dövlət başçısı tərəfindən 2011-ci ilin sonunda imzalanmış fərmanla Sumqayıt Kimya Sənaye Parkı, həmçinin sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan sənaye müəssisələrinin təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə 2011-ci ilin sonunda imzalanmış sərəncamla Balaxanı Sənaye Parkı yaradılıb: “Bu ərazidə məişət tullantılarının emalı (təkrar emalı) və xidmət müəssisələrinin yaradılması nəzərdə tutulur. Bununla yanaşı, ölkədə artıq bir sənaye parkının uğurla fəaliyyət göstərdiyi qeyd edilməlidir. Sumqayıt Texnologiyalar Parkının birinci mərhələsi 2009-cu ilin sonunda işə salınıb. Burada 17 zavod müxtəlif məhsullar istehsal edir. Sənaye parklarının fəaliyyəti baxımından Azərbaycan bu sahədə inkişaf etmiş ölkələrin təcrübəsinə ehtiyac duyur”.

Tədbirdə çıxış edən BMT-nin Sənaye və İnkişaf Təşkilatının (UNİDO) regional proqramlar bürosunun Avropa və MDB proqramları üzrə rəhbəri Olqa Memedoviç konfransın əhəmiyyəti barəsində danışıb. O qeyd edib ki, sənaye parkları burada fəaliyyət göstərən şirkətlər üçün yeni texnologiyalardan istifadə etməyə, maliyyə vəsaitini asan yolla cəlb etməyə imkan yaradır, eyni zamanda yeni iş yerləri yaradır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR