Bank Of Baku

Azərbaycanda sənaye istehsalının 78%-i mədənçıxarma sektorunun payına düşür - FOTO

Azərbaycanda sənaye istehsalının 78%-i mədənçıxarma sektorunun payına düşür - <font color=red>FOTO</font>
# 23 aprel 2012 10:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyev Azərbaycanın 2012-ci ilin I rübü üzrə əsas makroiqtisadi göstəriciləri ilə bağlı mətbuat konfransı keçirib.

«APA-Economics»in məlumatına görə, tədbir çərçivəsində A.Vəliyev qeyd edib ki, bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) istehsalı 0,5% artaraq 12,3 mlrd. manata çatıb: «Orta hesabla ölkənin hər bir sakini üzrə ÜDM istehsalı 1 346,1 manata və ya 1 711,9 ABŞ dollarına bərabər olub, ÜDM istehsalı qeyri-neft sektorunda 7,7% artıb, neft sektorunda isə 4,7% azalıb».

A.Vəliyev onu da bildirib ki, hesabat dövründə Azərbaycanın sənaye sahələrində, hüquqi şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət göstərənlərin işi də nəzərə alınmaqla 9,4 mlrd. manatlıq məhsul istehsal olunub və 2011-ci ilin I rübü ilə müqayisədə 0,3% azalıb: «Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 16,5% artaraq sənaye məhsulunun 17,1%-ni təşkil edib, neft sektorunda isə məhsul istehsalı 3,5% azalıb».

Sənaye məhsulunun 7,3 mlrd. manatı və ya 78,3%-i mədənçıxarma bölməsində, 1,5 mlrd. manatı, yaxud 15,9%-i emal bölməsində, 493,4 mln. manatı və ya 5,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 44 mln. manatı, yaxud 0,5%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.

Ölkənin digər makroiqtisadi göstəricilərinə gəldikdə isə A.Vəliyev vurğulayıb ki, cari ilin ilk rübündə kənd təsərrüfatının ümumi məhsulu 3,2%, o cümlədən bitkiçilik məhsulları istehsalı 6,4%, heyvandarlıq məhsulları istehsalı isə 3,2% artıb.

«Eyni zamanda, hesabat dövründə əsas kapitala investisiya qoyuluşu 16,5%, nəqliyyatla yük daşınması 4,3%, sərnişin daşınması 8,9%, rabitə xidmətləri 8%, pərakəndə əmtəə dövriyyəsi 9,3%, ölkənin hər bir sakininin orta gəlirləri 12,3%, əhalinin banklardakı əmanəti isə 37,8% artıb», - deyə Komitədən bildirilib.

DSK sədri həmçinin bildirib ki, cari ilin sonuna Azərbaycanda iqtisadi artım 2,5-3% civarında, inflyasiya isə 3-4% səviyyəsində gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR