Aİ missiyası Ermənistanın feyk informasiya daşıyıcısı funksiyasını yerinə yetirir - TƏHLİL

Aİ missiyası Ermənistanın feyk informasiya daşıyıcısı funksiyasını yerinə yetirir - TƏHLİL
# 15 avqust 2023 19:25 (UTC +04:00)

Bölgədə sabitliyi və sülh sazişinin bağlanması istiqamətində təşəbbüsləri pozmağı qarşısına məqsəd qoyan Ermənistan bu yolda Avropa İttifaqının missiyasının xidmətlərindən də həvəslə yararlanır.

Maraqlı budur ki, missiya özü də proseslərdə pozucu rolunda çıxış etməyə Ermənistandan az həvəsli görünmür. Avropa İttifaqı missiyasının Ermənistanda fəaliyyətə başlamasından ötən müddət ərzində sülh prosesinə töhfə vermək baxımından atdığı hər hansı müsbət addım gözə dəymir. Əksinə, missiya tormozlayıcı və destruktiv funksiyanı daha uğurla yerinə yetirir.

Son hadisəni bu funksiyanın növbəti həlqəsi hesab etmək olar. Bu gün Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun guya Avropa İttifaqı missiyasını atəşə tutması haqqında məlumat yaydı. Lakin çox keçmədən Azərbaycan tərəfi bu məlumatın yalan olduğunu bəyan edərək, bildirdi ki, Avropa İttifaqının müşahidəçilərinin Ermənistanda şərti sərhəd istiqamətində səfərlərinin vaxtı, onların hərəkət marşrutu, ərazidəki koordinatları, eləcə də avtomobillərin markası və nömrə nişanları Azərbaycan tərəfinə əvvəlcədən təqdim edilir. Azərbaycan Ordusunun bölmələri missiyanın səfərləri barədə məlumatlıdır.

Bu səbəbdən də Ermənistan Müdafiə Nazirliyinin iddia etdiyi belə bir halın baş verməsi nəzəri və praktiki baxımdan qeyri-mümkündür.

Azərbaycan MN-in ardınca isə Avropa İttifaqının missiyası “X” (“Twitter”) sosial hesabında açıqlama yayaraq, Ermənistan tərəfinin məlumatını təkzib etdi. Missiyanın açıqlamasında bildirilirdi ki, Ermənistan Müdafiə Nazirliyinin Aİ müşahidəçilərinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən atəşə tutulması barədə bəyanatı yalandır, Aİ monitorinq missiyasının patrulu atəş hədəfi olmayıb.

Lakin bundan sonra baş verənlər Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının qərəzli mövqe tutduğunu, Ermənistanın əlində təbliğat alətinə çevrildiyini ortaya qoydu. Nə baş verdisə, Aİ missiyasının ermənilərin iddiasını yalanlayan bəyanatı silindi. Az sonra isə məlumat tamam fərqli formada təqdim olundu. “Biz təsdiq edirik ki, Aİ-nin Ermənistandakı missiyasının patrulu bizim məsuliyyət zonamızda baş verən atışma hadisəsi zamanı orda olub. Missiyanın heç bir üzvü zərər görməyib”, - deyə məlumatda bildirilirdi.

Bununla yanaşı, monitorinq missiyasının üzvü kimi təqdim edilən şəxslər Azərbaycan tərəfindən atəşə tutulduqları ilə bağlı açıqlamalar verdilər. Lakin görüntülərdə müsahibə verən şəxslərin üzü nədənsə görünmür, onların həqiqətən missiyanın üzvləri olduğu anlaşılmır.

Eyni zamanda Ermənistan tərəfinin təqdim etdiyi videolarda Azərbaycan tərəfinin missiya üzvlərinə atəş açmasını əks etdirən heç nə yoxdur. Bu isə təqdim olunan videoların qurama olduğunu düşünməyə əsas verir.

Belə görünür ki, Ermənistan tərəfinin bəyanatının yalan olduğunu, əslində, həqiqəti açıqlayan Aİ missiyası rəsmi İrəvanın təzyiqi ilə üzləşib. Bu məsələdə ermənipərəst ölkələrin missiyanın tərkibindəki təmsilçilərinin (Məsələn, Fransa) rolunun olduğunu da söyləmək olar.

Bütün bunlar göstərir ki, Aİ, eləcə də onun missiyası ermənipərəst ölkələrin və qüvvələrin əlində oyuncağa çevrilib. Ən acınacaqlısı isə budur ki, bu missiya Ermənistanın fake informasiya daşıyıcısı funksiyasını yerinə yetirir, qərəzli mövqe sərgiləyir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının əsas vasitəçilərindən olduğunu nəzərə alsaq, missiyanın bu kimi fəaliyyətlərinin bu vasitəçiliyə kölgə saldığı şübhəsizdir. Bütün hallarda Aİ kimi nüfuzlu bir birliyin Ermənistan kimi cırtdanın əlində alətə çevrilməsi acı təəssüf doğurur.

APA Analytics

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR