Fransa neokolonializmindən ən çox zərər görən region: Polineziya müstəqillik istəyir - TƏHLİL

Fransız Polineziyasının bayrağı

© APA | Fransız Polineziyasının bayrağı

# 05 iyun 2024 11:43 (UTC +04:00)

Dünyanın fərqi hissələrində yerləşən regionlar hələ də Fransanın neokolonial siyasətdən əziyyət çəkir. Makron hakimiyyəti Fransanın təbii sərhədlərindən minlərlə kilometr uzaqda yerləşən, Cənubi Amerika, Afrika, Asiya və Okeaniya kontinentlərində dənizaşırı 13 regionu nəzarətdə saxlamağa davam edir.

Fransa bu gün faktiki olaraq yeganə Avropa metropoliyasıdır ki, “kolonial qəlpə”lərini dünyaya səpələyib.

Fransız Polineziyası da Fransanın neokolonial siyasətindən əziyyət çəkən həmin 13 regiondan biridir. Region Okeaniyada - Sakit okeanın cənubunda, strateji önəmli məkanda yerləşir. XIX əsrin 40-cı illərindən başlayaraq Fransa adaları nəzarətə alaraq öz müstəmləkəsinə çevirib.

1885-ci ildə ələ keçirilmiş ərazilər “Okeaniyadakı Fransız əraziləri” adı ilə birləşdirilib. 1958-ci ildə koloniya Fransanın dənizaşırı ərazisi statusu alıb. 1977-ci ilin martından isə Fransız Polineziyasında qubernator postu ali komissar postu ilə əvəzlənib. Region yalnız 1996-cı ildə muxtariyyət ala bilib.

5 arxipelaq və irili-xırdalı toplam 130 adadan ibarət Fransız Polineziyası gözəl və fərqli təbiətinə görə əsil turizm mərkəzidir. Bölgənin ÜDM-də 50% məhz turizmin payına düşür. Bundan başqa, arxipelaq mirvari satışı, kobalt və fosfat yataqları ilə də zəngindir.

Göründüyü kimi, bölgənin iqtisadi potensialı çox böyükdür və Fransa bu torpaqları istismar edir. Bu zaman yerli xalqların hüquqları pozulur, ada iqtisadiyyatının 80%-i Fransanın iri korporasiyalarının nəzarətindədir.

Fransa digər müstəmləkələrində olduğu kimi, Polineziyada da assimilyasiya siyasəti aparır. Ada sakinlərinin 78%-ni yerli polineziyalılar təşkil etsə də, yerli dillər unudulur, sakinlər tədricən fransız dilinə keçir. Əsas səbəb yerli dillərin yalnız ibtidai siniflərdə tədris olunması ilə bağlıdır. Fransa dili bilgisinə və ağdərili fransızlara vəzifə bölgüsü zamanı üstünlük verilir. Bu inzibati təzyiq yolu ilə artıq adalarda sakinlərin 70%-i fransız dilində danışır. Bu isə gələcəkdə yerli dillərin tədricən ölü dil kateqoriyasına keçməsinə yol aça bilər.

Digər yandan, adada səhiyyə ilə bağlı durum da ağırdır. Koronavirus pandemiyası zamanı 295 min sakindən 700-dən çoxunun ölümü Fransanın bölgəyə ciddi tibbi dəstək verməməsi ilə bağlı olub.

Fransız Polineziyasında insan sağlamlığına ağır zərbə vuran əsas faktor isə burada Fransanın həyata keçirdiyi nüvə sınaqları ilə bağlıdır. 1966-cı ildə Fransız Polineziyasına aid Mururoa və Fanqataufa atollarında yaradılan nüvə sınağı poliqonunda bu günə qədər 193 nüvə sınağı həyata keçirilib. Bu səbəbdən Fransız Polineziyasında qadın və kişilər arasında xərçəng xəstəliyinə yoluxma halları ən yüksək səviyyədədir.

Paralel olaraq, yerli gənclər arasında işsizlik, milli zəmində diskriminasiya bu torpaqlarda yerli sakinlərin yaşamını çətinləşdirir. Polineziyada işsizlik səviyyəsi Fransanın əsas hissəsi ilə müqayisədə 2, bəzən 3 dəfə çoxdur.

2017-2020-ci illərdə əhalinin 7 faizi Fransız Polineziyasını tərk edib ki, onların əksəriyyəti 18-25 yaşlı gənclərdir.

XXI əsrdə kolonializm və onun yeni təzahürləri ilə mübarizə sahəsində fəaliyyət göstərən Bakı Təşəbbüs Qrupu (BTQ) Fransız Polineziyasının yerli xalqlarına da dəstəyini göstərir.

Uzun illərdir ki, Fransız Polineziyasının Fransa əsarətindən azad olaraq, müstəqillik qazanması uğrunda mübarizə aparan “Tavını” partiyasının, Fransız Polineziyası (Mā’ohi Nui – yerli dildə) Parlamentinin Komissiya rəhbərləri və katiblərinin bu günlərdə Bakıda təşkil olunan konfransa qatılması da bu dəstəyin təzahürüdür.

Konfransda “Tavini Huiraatira” Partiyasının Baş katibi Viktor Maamaatuaiahutapunun ölkəsi və xalqının Fransanın siyasətinə görə təcrid olunması barədə çıxışı Fransız Polineziyası sakinlərinin səsinin BMT və digər beynəlxalq təşkilatların passivliyi fonunda bütün dünyada eşidilməsinin vacib olduğunu bir daha sübut edir.

Bütün səylərinə baxmayaraq, Fransa polineziyalıların azadlıq mübarizəsini önləyə bilməyəcək. Yeni Kaledoniyada başlayan azadlıq mübarizəsi artıq Fransız Polineziyasına, Fransız Qvianasına və digər bölgələrə də sıçramaqdadır.

APA Analytics

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR