Əli Əkbər Salehi: “İranla “altılıq” ölkələri arasındakı anlaşılmazlıq yeni nəsil sentrifuqalarla bağlıdır”

Əli Əkbər Salehi: “İranla “altılıq” ölkələri arasındakı anlaşılmazlıq yeni nəsil sentrifuqalarla bağlıdır”
# 11 yanvar 2014 16:15 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İranla “altılıq” ölkələri arasında anlaşılmazlıq ölkəmizin yeni nəsil sentrifuqaları ilə bağlı yaşanır”. APA-nın məlumatına görə, bunu İran Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi bildirib.

Onun sözlərinə görə, Cenevrə razılaşmasının ən yaxşı hissəsi araşdırma və inkişaf etdirmə mövzusunun məhdudlaşdırılmamasıdır: “Cenevrə razılaşması böyük ehtimalla yanvar ayın sonunda icraya yönələcək. Sentrifuqalar mövzusunda irəli sürülən istəklər qəbuledilməzdir. İranın inkişaf etməsinin tərəfdarı olmayan Qərb ölkələrinin sentrifuqalarla bağlı istəyi heç bir məntiqə və ağla sığmır”.

Ə.Ə.Salehi deyib ki, Buşəhr Atom-Elektrik Stansiyasında (AES) 4 nüvə reaktor yerləşdirilə biləcək: “Hazırda ikinci reaktorun yerləşdirilməsi gündəmdədir. Ona görə də İran və Rusiya rəsmiləri 4 min meqavat elektrik enerjisinin istehsalı üçün müzakirələri davam etdirirlər. Müzakirələrdə müsbət bir nəticə əldə olunacağı təqdirdə, Buşəhrdə yeni nüvə stansiyasının təməlini qoyacağıq. İran və Rusiya arasında 4 min meqavat elektrik enerjisinin istehsalı ilə bağlı razılaşma Əli Əkbər Haşimi Rəfsəncanin prezidentliyi dövründə imzalanıb”.

Ə.Ə.Salehi vurğulayıb ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişləri yanvar-fevral aylarında İrana gələcək və onların yoxlamaları əvvəlki kimi davam edəcək: “İran uranı 60% zənginləşdirməyə ehtiyac duymur. Əgər İran gəmilərdə bu enerjidən istifadə etmək istəsə, nüvə reaktorundan yararlanması yaxşı olar. Əlbəttə, əgər deputatlar uranın 60% zənginləşdirilməsini İran xalqı üçün faydalı sayaraq onu qanuna çevirsələr, qanuna tabe olmaq lazımdır”.

Ə.Ə.Salehi deyib ki, İran keçmiş illərdə uranı zənginləşdirməyə başladığı zaman könüllü olaraq onu 5 faiz saflaşdırıb: “İran da AEBA-nın əsasnaməsinə əsasən hər bir səviyyə və ya metodla bu işi həyata keçirməyə haqlı idi. Hazırda İran Buşəhr AES-in yanacağını təmin edəcək səviyyədə uranı zənginləşdirir. Rəsmi Tehranın dinc məqsədlər üçün 20% zənginləşdirmiş urana ehtiyacı olduğu təqdirdə, xarici ölkələr bunu təmin etməlidirlər. Əks təqdirdə, İran özü bunu təmin edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR