Nazirlər Kabineti Aİ-95 və Aİ-98 benzin markaları ilə bağlı qərarını açıqlayıb

Nazirlər Kabineti Aİ-95 və Aİ-98 benzin markaları ilə bağlı qərarını açıqlayıb
# 03 aprel 2014 15:34 (UTC +04:00)

APA-nın verdiyi məlumata görə, Nazirlər Kabineti “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nın təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

Dəyişikliyə əsasən, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların siyahısında idxal olunan, ekoloji norması Avro-5 tələblərinə uyğun, oktan ədədi 95 və daha yüksək olan avtomobil benzinlərinin daxil olmadığı qeyd edilib.

Qərar martın 27-dən qüvvəyə minib.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı dərc edilməmişdən öncə cəmiyyətdə müxtəlif markalı benzinlərin bahalaşacağı ilə bağlı yaranmış ajiotajla bağlı Tarif Şurası bu qərarla bağlı dünən rəsmi açıqlama yayıb. Açıqlamada qeyd edilib ki, 2 dekabr 2013-cü il tarixindən sonra ölkə daxilində qiymətləri tənzimlənən avtomobil benzininin pərakəndə satış qiyməti dəyişdirilməyib və hazırda Aİ-92 və Aİ-95 markalı avtomobil benzininin pərakəndə satış qiyməti bir litr üçün müvafiq olaraq 70 və 80 qəpikdir.

Açıqlamada qeyd olunub ki, Nazirlər Kabinetinin 31 mart 2014-cü il tarixli qərarına əsasən, idxal olunan Avro-5 ekoloji normalarının tələblərinə uyğun oktan ədədi 95 və daha yüksək olan avtomobil benzinləri tarifləri (qiymətləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısına aid edilməyib. Bununla belə, yüksək avrostandartlara cavab verən avtomobil benzininin daha aşağı qiymətlərlə ölkəyə idxalına şəraitin yaradılması məqsədilə Nazirlər Kabinetinin 7 fevral 2014-cü il tarixli qərarları ilə idxal olunan 95 və 98 oktanlı avtomobil benzinləri üçün gömrük rüsumları 15 faizdən sıfıra, aksiz dərəcələri isə bir ton üçün 250 ABŞ dollarından müvafiq olaraq 100 və 150 ABŞ dollarına endirilib.

Bütün bunlar yüksək avro standartlara cavab verən avtomobil benzininin (“Premium Avro-95” və “Super Avro-98”) nisbətən aşağı qiymətlərlə ölkəyə idxalına və sərbəst qiymətlərlə satışına imkan verir. Bu isə ölkədə avtomobil benzininə artan tələbatın tam ödənilməsi və daxili bazarın yüksək ekoloji normalara cavab verən yanacaq məhsulları ilə təminatına şərait yaradır. Ümumilikdə 95 və daha yüksək oktanlı avtomobil benzinlərinin ölkədaxili istehlakda payı təqribən 10% təşkil edir və bu yüksək oktanlı benzinlərdən istehsal və xidmət sahələrində demək olar ki, istifadə olunmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR