Azərbaycan sığorta bazarı ötən il 18% artıb

 Azərbaycan sığorta bazarı ötən il 18% artıb
# 15 yanvar 2014 15:16 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Ötən il Azərbaycanda fəaliyyət göstərən sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının ümumi həcmi 405,673 mln. manat təşkil edib ki, bu da 2012-ci illə müqayisədə 18,4% çoxdur.


Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə sığorta hadisələri üzrə ödənişlərin ümumi həcmi 30,8% artaraq 122,804 mln. manata çatıb.

Bu müddət ərzində könüllü sığorta növləri üzrə daxilolmaların həcmi 26% artaraq 270,966 mln. manat təşkil edib. O cümlədən, həyat sığortası üzrə daxilolmaların həcmi 2,9 dəfə artaraq 43,891 mln. manata, qeyri-həyat sığortası üzrə 13,6% artaraq 227,075 mln. manata çatıb. İcbari sığorta növləri üzrə isə daxilolmalar 5,7% artaraq 134,707 mln. manat olub.

Daxilolmaların strukturunda ən çox sığorta haqqı «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (69,211 mln. manat), «Tibbi sığorta» (65,432 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (56,859 mln. manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (47,716 mln. manat), «Həyatın yaşam sığortası» (37,697 mln. manat), «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası» (24,885 mln. manat), «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (17,061 mln. manat), «Yüklərin sığortası» (15,752 mln. manat) növləri üzrə toplanılıb.

Ödənişlərə gəldikdə isə könüllü həyat sığortası üzrə ödənilən vəsaitlərin həcmi 2,429 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 20% azdır. Könüllü qeyri-həyat sığortası üzrə ödənişlər 14,1% artaraq 82,461 mln. manata çatıb. Ümumilikdə, könüllü sığorta növləri üzrə ödənişlər 12,8% artaraq 84,890 mln. manat, icbari sığorta növləri üzrə isə 2,1 dəfə artaraq 37,914 mln. manat təşkil edib.


Ödənişlərdə ən çox vəsait «Tibbi sığorta» (46,162 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (27,960 mln. manat), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (26,900 mln. manat) növləri üzrə ödənilib.


Qeyd edək ki, Azərbaycanda 28 sığorta təşkilatı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR