İraqın baş naziri İranın birinci vitse-prezidenti ilə görüşüb

İraqın baş naziri İranın birinci vitse-prezidenti ilə görüşüb
# 05 dekabr 2013 10:54 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda səfərdə olan İraqın baş naziri Nuri əl-Maliki bu ölkənin birinci vitse-prezidenti İshaq Cahangiri tərəfindən qəbul edilib.

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, görüşdə ikitərəfli əlaqələr, regional və qlobal məsələlər əsas müzakirə mövzusu olub.

İ.Cahangiri bildirib ki, İran və İraq bölgədə sülhün və təhlükəsizliyin təmin edilməsi sahəsində əsas rol oynayırlar: “İran və İraqın bölgədə qarşıdurma və radikalizmə qarşı mübarizədəki rolları özünəməxsus və çox vacibdir. Ona görə də bu səfər iki ölkə arasında regional və beynəlxalq əlaqələrin daha da inkişafında təsirli rol oynayacaq”.

Onun sözlərinə görə, İran Suriya böhranının yalnız diplomatik yolla həll edilə biləcəyini və bu ölkənin gələcəyinin seçkilər yolu ilə müəyyənləşdirilməsinin zəruri olduğunu düşünür: “Supergüclər tərəfindən təlim alan terrorçu qruplaşmalar dincliyi pozaraq bölgə ölkələrinə zərər vermək məqsədi güdürlər”.

Nuri əl-Maliki də öz növbəsində iki ölkə arasındakı siyasi və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruri olduğunu deyib: “İran və İraqın terrorizmlə mübarizə sahəsindəki rollarının çox vacibdir. Bu sahədəki əməkdaşlığın daha da artırılması lazımdır”. Onun sözlərinə görə, İraqın yenidən qurulmasında İran şirkətlərinin aktiv iştirakını müsbət qarşılayırlar: “Hazırda həmin şirkətlərin fəaliyyəti üçün lazımi mühit yaradılıb”. Nuri əl-Maliki həmçinin İranın Suriya siyasətini də təqdir etdiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR