Rüstəm Məmmədov: “Dünyada geosiyasi vəziyyət dəyişmədiyi üçün Xəzərin hüququ statusu ilə bağlı məsələdə ciddi irəliləyiş gözlənilmir”

Rüstəm Məmmədov: “Dünyada geosiyasi vəziyyət dəyişmədiyi üçün Xəzərin hüququ statusu ilə bağlı məsələdə ciddi irəliləyiş gözlənilmir”
# 30 yanvar 2014 10:04 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Xəzər problemləri üzrə ekspert Rüstəm Məmmədov Xəzər dənizinin hüququ statusu ilə bağlı işçi qrupunun Astanada keçirilən son görüşünü şərh edib.

APA-nın məlumatına görə, R. Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, son vaxtlar dünyada geosiyasi vəziyyət dəyişmədiyi üçün Xəzərin hüququ statusu ilə bağlı da çox ciddi irəliləyişlər gözlənilmir: “Hazırda bu məsələdə real vəziyyət odur ki, Rusiya-İran əməkdaşlığı davam edir və bu əməkdaşlıq daxilində istənilən proseslər onların maraqlarına işləyir. Yəni İran Rusiya qarşısında istənilən şərti irəli sürür və buna nail olur. Rusiya da bu maraqlara qarşı çıxa bilmir. Bir şeyi bilməliyik ki, bu gün İranda geosiyasi vəziyyət dəyişərsə və İran Qərbə inteqrasiya edərsə, bu, Xəzərin hüququ statusu məsələsinə də təsirsiz ötüşməyəcək. Bu, həm də İranın Rusiya ilə münasibətlərində dəyişikliyə gətirib çıxaracaq. Ancaq hələlik mən yaxın vaxtlarda Xəzər dənizinin hüququ statusunun müəyyənləşdirilməsi ilə bağlı real şans gözləmirəm. Hətta Rusiyada planlaşdırılan Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinin göstərilən tarixdə keçiriləcəyinə də şübhə ilə yanaşıram. Çünki indi geosiyasi vəziyyət dəyişməz qalır”.

Qeyd edək ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun növbəti, 35-ci iclası yanvarın 28-də başlayıb, bu gün yekunlaşacaq. İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR