Azərbaycanda ilk dəfə olaraq start götürmüş Eko Rəsm Gündəlikləri layihəsinin qiymətləndirilməsi işinə start verilib

Azərbaycanda ilk dəfə olaraq start götürmüş Eko Rəsm Gündəlikləri layihəsinin qiymətləndirilməsi işinə start verilib
# 15 noyabr 2013 12:22 (UTC +04:00)

Bakı - APA. IDEA (International Dialogue for Environmental Action) kampaniyasının təşəbbüsü, UNESCO-nun himayəsi, Heydər Əliyev Mərkəzinin və Panasonic Marketing MDB-nin (PMCIS) dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq start götürmüş Eko Rəsm Gündəliyi beynəlxalq layihəsinin milli müsabiqə turunun birinci mərhələsi başa çatıb.

IDEA kampaniyasının mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, Bakı və Gəncə şəhərlərinin orta ümumtəhsil məktəblərini əhatə edən layihəyə ümumilikdə aşağı (6-11 yaş) və orta (12-15 yaş arası) yaş qruplarını təmsil edən 5000-ə qədər şagird qatılıb.

Layihənin milli turunun iştirakçıları olan məktəblilər müəyyən olunmuş müddət ərzində yarışma üçün hazırlanmış xüsusi “Gündəlik”lərdə mövcud qlobal ekoloji problemləri və ətraf mühitin qorunmasının vacibliyini əks etdirən rəsmlər çəkib və onların ideyalarının qısa təsvirini əks etdirən mətnlər əlavə ediblər.

Artıq “Gündəlik”lərin qiymətləndirilməsi işinə start verilib. Eko Rəsm Gündəliklərinin qiymətləndirilməsi Layihənin münsiflər heyəti-IDEA kampaniyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrinin və bir sıra qabaqcıl ekspertlərin, habelə, tanınmış incəsənət xadimlərinin iştirakı ilə öncədən nəzərdə tutulan kriteriyalara əsasən həyata keçiriləcək. Final mərhələsinə vəsiqə qazanacaq 20 iştirakçı arasından bir nəfər milli müsabiqənin qalibi elan ediləcək.

Qeyd edək ki, “Eko Rəsm Gündəliyi 2013” beynəlxalq müsabiqəsinin məqsədi gənc nəsildə təbiətə sevgi hissinin formalaşdırılması və inkişafı, onlar arasında ekoloji təbliğ işinin gücləndirilməsi və məktəblilərin ətraf mühitin qorunması işinə səfərbər edilməsidir. Layihə, həmçinin ətraf mühit və insan sağlamlığının qorunması üzrə aktiv vətəndaş mövqeyinin formalaşdırılmasına xidmət edir.

Onu da qeyd edək ki, müsabiqənin final mərhələsinin qalibi 1 dekabr 2013-cü il tarixində elan olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR