İran prezidenti İraqın baş naziri ilə görüşüb

İran prezidenti İraqın baş naziri ilə görüşüb
# 06 dekabr 2013 00:51 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranda səfərdə olan İraqın baş naziri Nuri əl-Maliki bu ölkənin prezidenti Həsən Ruhani tərəfindən qəbul edilib. APA-nın İran mətbuatına istinadən məlumatına görə, görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi yolları və Suriya böhranı başda olmaqla, digər regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

H.Ruhani bildirib ki, İraq başda olmaqla qonşu və bölgə ölkələri ilə əlaqələrin inkişaf etdirilməsi yeni hökumətin prioritet siyasətlərindəndir: “Bu İran üçün bir strategiyadır. İraqla da eyni istiqamətdə əlaqələri inkişaf etdirəcəyik. Çünki ikitərəfli əlaqələrin inkişaf etdirilməsi hər iki ölkə xalqının və bölgənin faydasına olacaq. Bu baxımdan iki ölkə arasında ticarət, iqtisadiyyat, siyasət sahələrindən əlavə ekologiya mövzusunda da əməkdaşlıq zəruridir. Çünki İranın cənub-qərbində olan Xuzistan vilayətində, xüsusilə də Xürrəmşəhr və Abadan şəhərlərində həmçinin İraqın Bəsrə şəhərində havaya qalxan toz kütləsi ekologiyaya ciddi ziyan vurur. İki ölkə xalqının sağlamlığının təmin edilməsinin zəruriliyini nəzərə alaraq, havaya qalxan toz kütləsinin həlli məsələsi iki ölkənin birgə prioritetində ön yerdə dayanmalıdır. Regional əməkdaşlıq sayəsində bu problem aradan qaldırmaq olar və İran bu məsələdə hər cür əməkdaşlığa hazırdır”.

Onun sözlərinə görə, Suriya böhranı və onun həlli məqsədilə Cenevrədə keçirilməsi planlaşdırılan konfransdan əvvəl terrorçular bu ölkədən çıxarılmalıdır: “Suriyada heç bir şərt irəli sürülmədən azad seçkilərin keçirilməsi üçün müsbət atmosfer yaradılmalıdır. Suriya xalqının istəklərini və hədəflərini bütün beynəlxalq konfranslarda müdafiə etmək bizim ortaq vəzifəmizdir”.

N.əl-Maliki isə öz növbəsində deyib ki, İranla iqtisadiyyat başda olmaqla hər sahədə əlaqələr inkişaf edir: “İranla hər sahədə əlaqələri inkişaf etdirməyin tərəfdarıyıq. İranın yeni hökumət ilə də regional problemlərin həlli mövzusunda əməkdaşlıq etmək istəyindəyik”.

Onun sözlərinə görə, İranla “altılıq” ölkələri arasında nüvə məsələsində razılığın əldə olunması bölgə və regiondan kənar müsbət ab-havanın yaranmasına vəsilə oldu: “Cenevrə razılaşması həm İran, həm də digər ölkələr üçün əhəmiyyətlidir. Çünki İraq hökuməti nüvə razılaşmasının uzunmüddətli olmaqla bölgənin sabitlik və təhlükəsizliyində də çox müsbət təsirinin olacağına inanır”.

N.əl-Maliki həmçinin vurğulayıb ki, İranla İraq arasında yaxşı koordinasiya var: “Hər iki ölkə bölgənin problemlərini çox yaxşı bilir. Bölgədəki problemlər həmin ölkələrin öz aralarındakı konsensusla həll edilməlidir. Bu, bölgə üçün daha yaxşıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR