Azərbaycanda daşınmaz əmlakın kadastrı və yeni ünvan sistemi yaradılır - MÜSAHİBƏ

Azərbaycanda daşınmaz əmlakın kadastrı və yeni ünvan sistemi yaradılır - <span style="color: red;">MÜSAHİBƏ
# 19 sentyabr 2013 07:17 (UTC +04:00)

Bu sahədə işlərin təşkili və yeniliklərlə bağlı «APA-Economics»in suallarına Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) tabeliyində olan Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzinin direktoru Ramiz Quliyev cavab verir.

- Ramiz müəllim, 2009-cu ildən etibarən, Azərbaycanda daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması işi Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılıb. İndiyədək bu sahədə hansı işlər görülüb?

- Vahid dövlət kadastrının tərtibi və aparılması öz məzmununa görə çoxşaxəli, icra texnologiyasına görə isə müasir bilik, bacarıq və vərdiş tələb edən bir işdir. Ona görə də bu işlərin icrasına başlamazdan öncə Komitə rəhbərliyi tərəfindən təşkilati, texniki və kadr məsələləri gündəmə gətirilib və çox qısa zaman kəsiyində həll edilib. Təbii ki, bu proseslər daimi təkmilləşmə, inkişaf tələb etdiyindən, Komitə rəhbərliyi tərəfindən bu işə nəzarət və diqqət davamlıdır.

Tapşırığın icrasına hazırlığın ikinci mərhələsi ölkədə daşınmaz əmlakın vahid dövlət kadastrını məlumatlarla təmin etməli olan sahəvi kadastr orqanlarındakı məlumatların təhlilindən ibarət olub. Bu təhlillər heç də ürəkaçan nəticələr verməyib. Belə ki, təhlillər göstərdi ki, bir çox hallarda əvvəllər sahəvi kadastrlar tərəfindən yaradılmış məlumatlar həm obyektiv, həm də subyektiv səbəblər üzündən qeyri-dəqiqdir. Məsələn, torpaqların kağız sənədlər üzərindəki sahələri ilə faktiki vəziyyətini əks etdirən göstəricilər arasında, parsellərin döngə nöqtələrinin koordinatlarının təqdim edilən və reallıqdakı göstəriciləri arasında böyük fərqlər mövcuddur. Təbii ki, belə uyğunsuzluqlar şəraitində bu məlumatların bazaya daxil edilməsi ilə razılaşa bilməzdik. Ona görə də, bu səbəblərdən bir çox məlumatları digər sahəvi kadastr bazalarından əldə etməklə vahid kadastr yaratmaq fikrimizin mümkünsüz olduğu qənaətinə gəldik. Bu gün daşınmaz əmlakın vahid dövlət kadastrının məlumat bazasının məlumatlarının demək olar ki, 80%-dən çoxu Komitə tərəfindən yenidən formalaşdırılır və bu işlər bizim tərəfimizdən ölkəmizin tarixində ilk dəfə həyata keçirilir. İşin icrası, məlumatların emalı müasir texnikanın, texnologiyanın tətbiqi ilə aparılır. Qeyd etmək lazımdır ki, məlumatların strukturu, informasiyanın dayanıqlığını, tamlığını, dəqiqliyini müəyyənləşdirən göstəricilər kadastr sahəsində böyük təcrübələri olan xarici mütəxəssislər tərəfindən bəyənilib və işlərin keyfiyyətinə nəzarət Dünya Bankının xətti ilə Azərbaycanda həyata keçirilən «Daşınmaz Əmlakın Qeydiyyatı» Layihəsi çərçivəsində aparılır.

Bütün bu problemlərin mövcudluğuna baxmayaraq, artıq kadastr sahəsində bir sıra nəticələr əldə etmişik. Belə ki, 2012-ci ildə Sumqayıt şəhərinin daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının və rəqəmsal kadastr xəritəsinin tərtibi işi müvəffəqiyyətlə icra olunub. Bakı şəhərinin Suraxanı və Sabunçu rayonlarında daşınmaz əmlakın kadastrı işləri yekunlaşmaq üzrədir.

Şəhərin tarixində ilk dəfə olaraq, 2015-ci ilin sonuna Bakının müasir tələblərə cavab verən, şəhər təsərrüfatının idarəçiliyinə tam yararlı, aktual məlumat bazasını özündə ehtiva edəcək daşınmaz əmlakın kadastrı tərtib ediləcək, ərazinin rəqəmsal kadastr xəritəsi yaradılacaq.

Bu işlərlə paralel olaraq, 2014-cü ilin əvvəlinə respublikanın 53 rayon mərkəzinin, eyni zamanda onlara bitişik böyük qəsəbə və kəndlərin ərazisində (100 min ha ərazi) sadə modelli elektron kadastr məlumat bazası yaradılacaq, bu ərazilərin rəqəmsal kadastr xəritələri tərtib ediləcək.

Eyni zamanda bu ilin oktyabrında Gəncə şəhərinin və Şəki rayonunun sistematik ölçmələrlə həyata keçiriləcək kadastr layihələrinin tərtibinə başlayacağıq. 2 il 6 ay ərzində bu iki subyekt üçün əmlak idarəçiliyində istifadə olunan bütün məlumatları özündə ehtiva edəcək elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritəsi hazırlanacaq.

- Yarandığı vaxtdan indiyədək Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi başqa hansı kadastr layihələrini həyata keçirib?

- Komitədə aparılan kadastr işləri ölkə prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrə texniki dəstək xarakteri daşıyır. Bu illərdə Komitə 100-ə yaxın irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə kadastr işi ilə dəstək verib.

Belə layihələrə misal olaraq, Heydər Əliyev Beynəlxalq Hava Limanı-Mərdəkan dairəsi-Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi, «Avtovağzal», «Cavadxan» metro stansiyalarının, Şəmkirçay üzərində dəryaçanın tikintisi, Şahdağ Qış-Yay Turizm Kompleksinin, Vəlvələçay-Taxtakörpü-Ceyranbatan kanalının, Buzovna-Mərdəkan-Qala avtomobil yolunun, Dərnəgül elektrik deposunun, Neftçala magistral kanalının nasos stansiyası ilə birlikdə tikintisi, Tovuzçay su anbarının tikintisi, Metropolitenin «B-3» stansiyasının tikintisi, «Bakı və Bakıətrafı qəsəbələrin su təchizatının yaxşılaşdırılması», Həsən Əliyev küçəsindən Ziya Bünyadov küçəsinə paralel olaraq Koroğlu stansiyasına gedən yeni yolun tikintisi, «Ziya Bünyadov prospektinin yenidən qurulması», Xocəsən elektrik deposunun, Bakı-Quba-Rusiya ilə dövlət sərhədinə qədər olan avtomobil yolunun tikintisi, Bakı şəhərinin Gənclik meydanından Əzizbəyov dairəsinədək Ziya Bünyadov prospektinə paralel olaraq 7 km uzunluğunda 6 zolaqlı yolun tikintisi, «Su təchizatı və kanalizasiya investisiya Proqramı-I» layihələrini göstərmək olar.

Bu layihələr çərçivəsində əraziyə düşən daşınmaz əmlak obyektləri barədə elektron kadastr məlumatları hazırlanıb, ərazilərin rəqəmsal və kağız formatlarında xəritələri tərtib edilib.

Bütün bu məlumatlar qiymətləndiricilər tərəfindən dövlət ehtiyacları üçün gerialınmalarla bağlı fiziki və hüquqi şəxslərə kompensasiyaların miqdarını müəyyənləşdirməkdən ötrü istifadə edilir.

- Dünya təcrübəsinə əsasən, kadastr ilə bağlı ölçmə işlərinə özəl qurumlar, fərdi kadastr mühəndisləri də cəlb edilir. Bu təcrübə Azərbaycanda tətbiq olunurmu?

- Çox yararlanmalı təcrübədir və bu sahədə də müəyyən işlər görmüşük. Ölkə prezidenti cənab İlham Əliyevin 27 iyul 2010-cu il tarixli 308 nömrəli fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları»nın 1.8-ci bəndində özəl qurumların kadastr ölçmə işlərinə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən cəlb edilməsi ilə bağlı birbaşa müddəa nəzərdə tutulduğundan, artıq tərəfimizdən özəl qurumların cəlb edilməsi ilə bağlı qaydalar təsdiq olunub və onların müsabiqə yolu ilə seçilməsi nəzərdə tutulub.

Bu işlərlə bağlı müsabiqənin aparılması üçün də hazırlıq işləri görülüb. Belə ki, müsabiqə iştirakçılarının nəzəri biliklərini qiymətləndirmək üçün məntiq, informatika, geodeziya, kartoqrafiya, fotoqrammetiya, daşınmaz əmlakın kadastrı, ünvan reyestri, daşınmaz əmlak üzərində hüquqların qeydiyyat sahələri ilə bağlı «Test Bankı» yaradılıb. İmtahanların keçirilməsi üçün proqram təminatı hazırlanıb. Müsabiqə iştirakçılarının nəzəri biliklərinin, praktiki vərdişlərinin müsbət qiymətləndirilməsi onların kadastr ölçmə işlərinə cəlb edilmələrinə imkan yaradacaq. «Mütəxəssis bankı»na daxil olacaq mühəndislərin bilik və bacarıqlarının daim artırılması üçün tərəfimizdən xüsusi treninqlər, seminarlar təşkil ediləcək.

- Ünvan Sisteminin yaradılması sahəsində hansı işlər görülür?

- İndiyədək bu sahədə ciddi işlər görülüb. İlk baxışdan sadə görünən ünvan işi insanların gündəlik rastlaşdığı sahə olduğundan, çox vacib məsələlərdəndir. Yəqin ki, hər birimiz həm iş prosesində, həm də asudə vaxtlarımızda ünvantapma ilə bağlı problemlərlə rastlaşmışıq.

2009-cu ildə ünvan işinin təşkili və aparılması Komitəyə həvalə edildikdən sonra, ilk öncə mövcud vəziyyətin təhlili aparıldı. Təhlil göstərdi ki, ünvan istifadəçilərinin rahatlığı naminə ünvanvermədə mövcud olan ünvanvermə konsepsiyası dəyişməlidir. Bu təhlillərin nəticəsi olaraq, ölkə prezidenti cənab İlham Əliyev tərəfindən «Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları»nda dəyişikliklər edilməsi barədə» 10 fevral 2012-ci il tarixli 590 nömrəli fərman imzalanıb.

Ünvanvermə işinin avtomatlaşdırılması, ünvan məlumatlarının emalı, ünvanaxtarmada naviqasiya sisteminin tətbiqi üçün şəraitin yaradılması Ünvan Reyestri İnformasiya Sisteminin (ÜRİS) yaradılmasını ön plana çəkdi. Ona görə də, 2012-ci ilin sonuna ÜRİS yaradıldı. Təbii ki, bu bir proqram təminatı olaraq hazırdır. Amma bu sistemin fəaliyyəti üçün çox işlər görülməlidir. İlk növbədə köhnə qaydalarla verilmiş ünvanların bazası yaradılmalıdır. Çox təəssüflər olsun ki, bu günə kimi ölkədə belə bir baza mövcud deyildir. Tərəfimizdən yeni konsepsiyaya əsaslanan ünvanvermə işi (daşınmaz əmlak obyektlərinə giriş ünvanlarının təyini, həmin girişlə bağlı olan mənzillərin nömrələrinin təyini) aparılmalıdır.

Gördüyünüz kimi, bu işdə də ƏMDK-nın müraciət edə biləcəyi mövcud informasiya mənbəyi yoxdur. Ona görə də, bu işlər də ölkədə ilk dəfə olaraq bilavasitə Komitə tərəfindən həyata keçirilir. Bu gün tərəfimizdən Bakı şəhəri üzrə 1 000-ə yaxın küçə və prospektdə giriş ünvanları təyin edilib və işlər davam edir. Sumqayıt şəhərində adı, başlanğıcı və sonu məlum olan 70 küçədə giriş ünvanlarının təyini işi yekunlaşıb. Gəncədə də bu işlərə artıq başlamışıq.

Çox təəssüf ki, şəhər və rayonlarımızda hələ də günün tələbləri ilə səslənməyən, milli adət-ənənələrimizi özündə əks etdirməyən küçə adlarına rast gəlinir. Bu gün ümumiyyətlə adsız olan küçə və prospektlərimiz də mövcuddur. Bu çatışmazlıqların aradan qaldırılması məqsədi ilə şəhər (rayon) icra hakimiyyəti orqanları ilə sıx iş birliyi qurmuşuq.

Yəqin ki, Bakının mərkəzi küçələrində göz oxşayan müasir dizaynlı, oxunan, ekoloji cəhətdən təmiz olan ünvan lövhələri ilə rastlaşmısınız. Məqsədimiz yaxın gələcəkdə, vətəndaşlarımıza ünvanaxtarma işində rahatlıq gətirəcək bu lövhələrin bütün yaşayış məntəqələrinin küçə və prospektlərində yerləşdirməkdən ibarətdir.

- Bir qədər əvvəl Azərbaycanda ünvan işlərinin təşkilinə dair xüsusi standartlar təsdiq olunub. Bu, sizin işinizə necə təsir edəcək?

- Bu gün hər hansı bir sahədə görülən işi qiymətləndirmək üçün onun standarta uyğun icra olunub-olunmamasını araşdırmaq lazımdır. Bu baxımdan ünvan işlərinin keyfiyyətli icrasını təmin etmək üçün qabaqcıl dünya ölkələrinin bu sahədəki təcrübələrini öyrənməklə, təhlillər aparmaqla, ölkəmizin özünəməxsus memarlıq ənənələrini, ünvan məsələlərinə baxış meyarlarını nəzərə almaqla «Nəqliyyat infrastrukturu obyektlərinə adların verilməsi, daşınmaz əmlak obyektlərinə ünvan nömrələrinin təyini, ünvan lövhələrinin yerləşdirilməsinə dair Azərbaycan Respublikasının Dövlət Standartı»nın layihəsi tərəfimizdən işlənilmiş və Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 10 may 2013-cü il tarixli 041 nömrəli əmri ilə təsdiq edilmişdir. Bu standart ölkə üzrə nəqliyyat infrastrukturu obyektlərinin adlarının şəhər (rayon) icra hakimiyyəti orqanları tərəfindən müəyyənləşdirilməsi, daşınmaz əmlak obyektlərinin girişlərinə ünvan nömrələrinin verilməsi işlərinin vahid normativlər əsasında qurulmasına imkan verir.

- Bəzi məlumatlara görə, Bakıda nəqliyyatın intellektual idarə olunması üçün 3D formatında rəqəmsal xəritələr hazırlanır və bu xəritələrdə hətta binalar üzərində bina nömrələri göstərilir. Bu məlumatlar nə qədər həqiqətə uyğundur?

- Sözügedən məlumatlar daşınmaz əmlaklar barədə elektron kadastr məlumat bazasının tərkib hissəsidir. Bu baza da ƏMDK tərəfindən yaradılır və icra vəziyyəti barədə yuxarıda məlumat verdim. Binaların nömrələri ilə bağlı məlumatlar isə ÜRİS-in məlumatlarındandır. ÜRİS-in də məlumatlarla təmin edilməsi vəziyyəti barədə yuxarıda məlumat verdim.

Nəqliyyatın intellektual idarə edilməsi məqsədləri üçün hazırlanmış rəqəmsal xəritələr, sadəcə olaraq, Dünya Bankının xətti ilə həyata keçirilən «Daşınmaz Əmlakın Qeydiyyatı» Layihəsinin məhsulu olan ortofotoçəkilişlərin rəqəmsallaşdırılması nəticəsində şəhərin yol şəbəkəsinin rəqəmsal sxemidir və bu materiallar ƏMDK tərəfindən də hazırlanıb və onlar ünvanvermə işlərində istifadə olunur. Mütəxəssislər yaxşı bilirlər ki, bu materiallar rəqəmsal kadastr xəritəsinin məzmun və mahiyyətini əvəz edə bilməz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR