ABŞ dövlət katibinin sabiq müavini: “İranın atdığı addımlara ABŞ qarşı addımlarla cavab verməlidir”

ABŞ dövlət katibinin sabiq müavini: “İranın atdığı addımlara ABŞ qarşı addımlarla cavab verməlidir”
# 29 oktyabr 2013 13:48 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İran və ABŞ heç vaxt bir-birinin torpaqlarına tamah gözüylə baxmayıblar və iki ölkə arasında ərazi münaqişəsi yaranmayıb”. APA-nın məlumatına görə, bunu ABŞ dövlət katibinin sabiq müavini Frenk Vizner İRNA-ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ və İran dəyərlərini bir-birinə sırımağa səy göstərməyib: “İran məzhəb qarşıdurmaları olmayan dinc və sakit bir bölgə istəyir. Bu cür sabitliyi istəyən ABŞ da İraq və Əfqanıstanın təhlükəsiz olmasına çalışır. Bizim əslində İranın bölgədəki mövqeyini və hökumətini rəsmi olaraq tanımağa ehtiyacımız var. İran da buna cavab olaraq Orta Şərqdəki mənafelərimizi rəsmi şəkildə tanımalıdır. Biz bir-birinə zidd olmayan mənfəətlərə sahib olduğumuz kimi, ortaq mənafelərimiz də var. ABŞ və İranın ortaq mənfəətləri ixtilaflarının da kənarındadır. Bu da çox əhəmiyyətlidir”.

F.Vizner deyib ki, İranla nüvə müzakirələrində bərabər addımların atılması vacibdir: “İki ölkənin müvəffəqiyyətli olmasının yeganə yolu İranın atdığı addımlara ABŞ-ın qarşı addımlarla cavab verməsidir. Yəni hər iki tərəf də bərabər və balanslı addımlar atmalıdır. İran atdığı addımlarla ABŞ və Avropanın nüvə məsələsindəki narahatlıqlarını aradan qaldırdığı kimi, sanksiyalar da azaldılmalı və nəhayət sanksiyalar tamamilə ləğv edilməlidir”.

Sabiq diplomat ABŞ prezidenti Barak Obamanın BMT-dəki çıxışı zamanı İranın ali dini lideri, ayətullah Əli Xamneyinin nüvə silahlarının istehsalı və istifadəsi ilə bağlı fətvasına toxunması təqdirəlayiqdir: “Həmin çıxışda hər söz və cümlənin altında gizli mesajlar var. Obamanın fətvaya işarə vurması isə Ağ Evin İranın yaxşı niyyətini anladığına dair çox yaxşı bir əlamətdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR