Əli Həsənov UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərini qəbul edib

Əli Həsənov UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərini qəbul edib
# 10 iyun 2014 11:37 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov ölkəmizdəki fəaliyyət müddəti başa çatmaqda olan BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevardla görüşüb.

Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan və UNİCEF arasında əməkdaşlığı yüksək dəyərləndirən Ə.Həsənov deyib ki, UNİCEF xüsusilə Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin salınmış qaçqın və məcburi köçkün uşaqların hüquqlarının müdafiəsi, sağlamlıqlarının qorunması, təhsil problemlərinin həlli istiqamətində müvafiq proqramlar həyata keçirib.

Ə.Həsənov qeyd edib ki, Azərbaycan bir sıra beynəlxalq təşkilatların, o cümlədən UNİCEF-in yaxın tərəfdaşıdır. Bu əməkdaşlıq ölkədə uşaqların inkişafı ilə bağlı mühüm layihələrin həyata keçirilməsinə və təcrübə mübadilələrinin aparılmasına təkan verir. Rəhbərlik etdiyi qurumun fəaliyyətinin müsbət qiymətləndirildiyinə, UNİCEF tərəfindən həyata keçirilən layihələrə verilən dəstəyə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirən M.Herevard Azərbaycanın uşaq hüquqlarının müdafiəsi sahəsində bir çox uğurlara imza atdığını söyləyib. O, ötən müddətdə Azərbaycanla əməkdaşlığın uşaq hüquqlarının müdafiəsində birgə və səmərəli səylər göstərilməsini yaxşı nümunə kimi dəyərləndirmiş və bu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminliyini dilə gətirib.

Sonda Ə.Həsənov M.Herevarda Azərbaycanda səmərəli fəaliyyətinə görə təşəkkürünü çatdırıb və Afrika regional nümayəndəliyinə direktor müavini təyin olunması münasibətilə onu təbrik edib.

Görüşdə UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Rəşid Mustafa iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR