Qoşulmama Hərəkatı xarici işlər nazirlərinin iclasının yekun sənədinə Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar bənd daxil edilib

Qoşulmama Hərəkatı xarici işlər nazirlərinin iclasının yekun sənədinə Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar bənd daxil edilib
# 30 may 2014 09:15 (UTC +04:00)

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bənddə deyilir:

“Nazirlər (Qoşulmama Hərəkatına üzv olan 120 dövlətin xarici işlər nazirləri nəzərdə tutulur) BMT Təhlükəsizlik Şurasının qətnamələrinə (S/RES/822, S/RES/853, S/RES/874, S/RES/884) baxmayaraq, Ermənistan və Azərbaycan arasında olan münaqişənin həll edilməməsinə və bu münaqişənin beynəlxalq və regional sülh və təhlükəsizliyi təhdid etməkdə davam etməsinə münasibətdə narahatlıqlarını ifadə etdilər. Onlar BMT Nizamnaməsində öz əksini tapmış gücdən istifadə etməmək prinsipinin vacibliyini bir daha qeyd etdilər və tərəfləri münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində danışıqlar yolu ilə həllini davam etdirməyə çağırdılar”.

120 dövlətin üzv olduğu Qoşulmama Hərəkatı BMT-nin Baş Məclisindən sonra dünya miqyasında ən çox dövlətin təmsil olunduğu nüfuzlu beynəlxalq təsisatdır. Bu təsisatın xarici işlər nazirləri tərəfindən qəbul olunan yekun sənəddə münaqişənin BMT TŞ-nin məlum qətnamələri və Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində həllinə çağırış beynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair qəti mövqeyinin daha bir tutarlı göstəricisidir.

Qeyd edək ki, Qoşulmama Hərəkatının 28-29 may tarixlərində Əlcəzairdə keçirilən XVII xarici işlər nazirləri iclasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak və çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR