Bakı Ali Neft Məktəbində beynəlxalq standartların tətbiqinə başlanıb

Bakı Ali Neft Məktəbində beynəlxalq standartların tətbiqinə başlanıb
# 10 dekabr 2014 07:21 (UTC +04:00)

Bakı - APA. Bakı Ali Neft Məktəbində (BANM) Türk Standartları İnstitutunun (TSİ) auditorları beynəlxalq standartların tətbiqinə dair qiymətləndirmə tədbirləri həyata keçiriblər.

Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, bir həftə ərzində keçirilən audit yoxlanışından sonra BANM-nin konfrans zalında auditin yekun nəticələrinin açıqlanmasına dair iclas olub.

İclasda BANM-nin rektoru Elmar Qasımov, Türk Standartları İnstitutunun Keyfiyyət və Sistemin sertifikatlaşdırılması departamentinin nümayəndəsi Mehmet Ali Dönməz, TSİ-nin Azərbaycandakı təmsilçisi Səlim Çələbi, ARDNŞ-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov və BANM-nin professor-müəllim heyəti iştirak ediblər.

Qonaqları salamlayan rektor Elmar Qasımov deyib ki, Bakı Ali Neft Məktəbinin əsas missiyası milli qanunvericiliyə uyğun olaraq vətənpərvərlik və dövlətçilik prinsiplərinə əsaslanaraq, dünyada tətbiq olunan beynəlxalq standartların tələbləri səviyyəsində tədris prosesini həyata keçirməkdir. Onun sözlərinə görə, BANM-nin fəaliyyətində sağlamlıq, əməyin mühafizəsi və ətraf mühitin mühafizəsinin təmin edilməsi ilə yüksək keyfiyyət göstəricilərinə nail olmaq istiqamətində bütün tədbirlər görülməkdədir. Rektor bu müddət ərzində BANM-in strukturları ilə əməkdaşlığa və keyfiyyətin təminatı işinin səmərəsinin artırılmasına verdikləri töhfəyə görə TSİ-nin təmsilçilərinə təşəkkürünü bildirib.

İclasda auditin nəticələri geniş şəkildə müzakirə olunub, müəyyən məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, BANM-də vəzifə standartları, laboratoriyalarda, şöbələrdə təhlükəsizlik tədbirləri, tədris metodları standartları, tələbələrin elektron qeydiyyatı ilə bağlı ali məktəbdə görülən işlər məqsədə müvafiq hesab olunub, qarşılıqlı irad, təklif və tövsiyələr səsləndirildi və suallar cavablandırılıb.

TSİ-nin Azərbaycandakı təmsilçisi Selim Çelebi BANM-də bu istiqamətdə görülən işləri yüksək qiymətləndirərək ali məktəbdə olan idarəetmə sisteminin, tədris prosesinin təşkilinin müasir tələblərə və standartlara uyğun olduğunu xüsusi olaraq qeyd edib.

Sonda BANM-yə beynəlxalq standartların üç istiqaməti üzrə uyğunluq sertifikatın verilməsi ilə bağlı yekun qərar verildiyi elan olunub.

Qeyd edək ki, BANM ilk və yeganə ali təhsil müəssisəsidir ki, İSO-nun üç istiqaməti üzrə - ISO 9001 “Keyfiyyət İdarəetmə Sistemi”, ISO 14001 “Ekologiya idarəetmə sistemi”, OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi” üzrə beynəlxalq sertifikata sahib olur.

Xatırladaq ki, bu ilin dekabrında TSİ-nin auditorları beynəlxalq standartların BANM-də tətbiqinə dair qiymətləndirmə tədbirləri həyata keçiriblər. Dünyada qəbul olunmuş ISO standartlarına uyğun olaraq BANM-nin bütün struktur bölmələri, şöbələri, mərkəzləri, kitabxana və laboratoriyaları, o cümlədən kafedraları üzrə keyfiyyət, ekologiya, əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemlərinin sənədlərinin yoxlanışı keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR