“Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında “Daha təhlükəsiz və effektiv humanitar minatəmizləmə üçün texnologiya və innovasiya” adlı panel müzakirə keçirilib.
APA xəbər verir ki, panel müzakirədə humanitar minatəmizləmə fəaliyyətinin daha təhlükəsiz, effektiv və innovativ şəkildə həyata keçirilməsində texnologiyanın və beynəlxalq əməkdaşlığın rolu müzakirə olunub.
Birləşmiş Krallığın Partlayıcı Silahların Təsiri üzrə Parlamentin xüsusi müşaviri Naycel Ellueyin moderatorluğu ilə keçirilən paneldə təlim, institusional inkişaf və beynəlxalq təcrübə mübadiləsi vasitəsilə milli minatəmizləmə potensialının gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı humanitar minatəmizləmə əməliyyatlarının təhlükəsizliyini və səmərəliliyini artırmaq üçün qabaqcıl texnologiyaların tətbiqinin əhəmiyyəti vurğulanıb.
Qeyd olunub ki, innovativ texnologiyaların tətbiqi əməliyyatların daha təhlükəsiz və effektiv həyata keçirilməsinə imkan yaradır. Bununla yanaşı, innovasiya yalnız texniki yenilik kimi deyil, həm də yeni yanaşma kimi qiymətləndirilməlidir.
Panel iştirakçıları texnologiyanın əməliyyatların planlaşdırılması, məlumatların toplanması və təhlili, ərazilərin qiymətləndirilməsi və keyfiyyət təminatı proseslərinə inteqrasiyasının vacibliyini qeyd ediblər.
Bildirilib ki, texnoloji innovasiyalar yalnız əməliyyatların səmərəliliyini deyil, həm də minaaxtaranların təhlükəsizliyini artırmalıdır. Bu baxımdan texnologiya, təhlükəsizlik və humanitar məqsədlər arasında balanslı və əlaqələndirilmiş yanaşmanın formalaşdırılması mühüm əhəmiyyət daşıyır.
Paneldə milli potensialın gücləndirilməsinin texnologiyanın səmərəli tətbiqi üçün əsas şərtlərdən biri olduğu vurğulanıb. Bunun üçün mütəxəssislərin hazırlanması, institusional imkanların inkişaf etdirilməsi və texniki biliklərin artırılmasının zəruriliyi diqqətə çatdırılıb.
Həmçinin qeyd olunub ki, innovativ həllərin hazırlanması və minatəmizləmə fəaliyyətinə inteqrasiyası davamlı maliyyələşdirmə tələb edir. Beynəlxalq donorların və investorların dəstəyi bu istiqamətdə mühüm rol oynayır.
Panel çərçivəsində “Marshall Legacy Institute” təşkilatının Baş Direktoru Eliz Becker də çıxış edib.
O bildirib ki, Azərbaycan milli minatəmizləmə potensialının formalaşdırılması və inkişafı baxımından uğurlu nümunədir.
E. Becker qeyd edib ki, “Marshall Legacy Institute” ABŞ-da yaradılmış qeyri-kommersiya təşkilatıdır və münaqişədən çıxmış ölkələrə öz imkanlarını bərpa etmələri üçün dəstək göstərir.
Onun sözlərinə görə, təşkilatın Mina Axtaran İtlərlə Tərəfdaşlıq Proqramı təxminən 30 ildir fəaliyyət göstərir və bu müddət ərzində mina təhlükəsi ilə üzləşən təxminən 12 ölkəyə 325 mina axtaran it təqdim edilib.
Baş Direktor bildirib ki, proqramın əsas məqsədi ilk mərhələdən etibarən yerli və milli potensialın formalaşdırılmasıdır.
E. Becker vurğulayıb ki, “Marshall Legacy Institute” 2005-ci ildən Azərbaycanda ANAMA ilə əməkdaşlıq edir. İlkin mərhələdə Azərbaycana mina axtaran itlər təqdim edilib, təşkilatın tərəfdaşları ilə birlikdə təlimçiləri isə ANAMA-nın kinoloqlarına və onların rəhbərlərinə təlim keçiblər.
O bildirib ki, sonrakı illərdə ANAMA öz əməliyyat təcrübəsini artırıb və mina axtaran itlərin idarə olunması, onlardan istifadə və it qruplarının fəaliyyətinin davamlı təmin edilməsi üzrə ciddi ekspertiza formalaşdırıb.
“Son beş il ərzində özəl donorların dəstəyi ilə ANAMA-ya 60-dan çox mina axtaran it bağışlamışıq. Onlar hazırda sahələrdə fəaliyyət göstərirlər”, – deyə E. Becker qeyd edib.
O əlavə edib ki, proqramın ilkin mərhələsində yaradılmış milli potensial mina axtaran itlər üzrə imkanların kifayət qədər sürətlə genişləndirilməsinə şərait yaradıb.
“Düşünürəm ki, bu, milli tərəfdaşımız ANAMA-nın alıcıdan sahibə, daha sonra isə mina axtaran itlərlə iş üzrə ekspertə çevrildiyini göstərir”, – deyə “Marshall Legacy Institute”in Baş Direktoru vurğulayıb.