Tələbə Forumunda "ustad dərsləri" keçirilib - FOTO

Tələbə Forumunda "ustad dərsləri" keçirilib - <span style="color: red;">FOTO
# 11 oktyabr 2014 10:32 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə olaraq Bakıda keçirilən 1-ci Tələbə Forumu öz işini davam etdirib. APA-nın məlumatına görə, forumun ikinci günü tələbələr üçün "ustad dərsləri" keçirilib.

Tanınmış ictimaiyyət nümayəndələri “Karyera inkişafı”, “Liderliyə layiqsənmi?”, “Sən də bir brendsən” və “Vaxtına sahib çıx” mövzularında məruzələrlə çıxış ediblər. Bundan sonra təhsil naziri Mikayıl Cabbarovun, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanovun, “Unibank”ın İdarə Heyəti sədrinin birinci müavini Xalid Əhədovun, BDU-nun dekan müavini Gündüz Kərimovun, tanınmış şoumen Murad Dadaşovun iştirakı ilə müzakirələr başlayıb.

Tələbələri daha çox maraqlandıran məsələlər səsvermə yolu ilə müəyyənləşdirilib və müzakirələr konkret istiqamətdə aparılıb. Bu istiqamətlər liderlik keyfiyyəti, qərar qəbuletmə, karyera inkişafı, məsuliyyətin bölüşdürülməsi və bilik, bacarıq və qabiliyyət formulunda təhsil konsepti mövzularını əhatə edib.

Daha sonra tədbir idman və əyləncə xarakterli yarışlarla davam etdirilib.

Qeyd edək ki, SABAH qruplarında 688 tələbə təhsil alır. Elmi-pedaqoji potensialı, tədris-laboratoriya və maddi-texniki bazası yüksək olan 7 ali məktəbdə yaradılan bu qruplarda tədris xüsusi proqram əsasında keçirilir və tələbələrə “SABAH təqaüdü” verilir, eyni zamanda aztəminatlı ailələrdən olanlar yataqxana ilə təmin olunur.

İki günlük forumda ölkənin müxtəlif ali təhsil müəssisələrinin SABAH qruplarında təhsil alan 250 nəfərə yaxın tələbəsi iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR