Bank Of Baku

Məhkəmə Ekspertizasının Metodik Fondu istifadəyə verilib

Məhkəmə Ekspertizasının Metodik Fondu istifadəyə verilib
# 21 sentyabr 2026 17:00 (UTC +04:00)

Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsində istifadə olunan elmi materialların sistemləşdirilməsi və fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində görülən işlər çərçivəsində Məhkəmə Ekspertizasının Metodik Fondu istifadəyə verilib.

Ədliyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, Məhkəmə Ekspertizasının Metodik Fondu ekspert tədqiqatlarının əsasını təşkil edən elmi-metodik materiallardan ibarət məlumat bazasıdır. Fondun əsas məqsədi məhkəmə ekspertlərinin, ekspertizanı təyin edən orqan və şəxslərin, iş üzrə digər tərəflərin və özəl məhkəmə ekspertlərinin müvafiq elmi-metodik materiallara əlçatanlığını təmin etməkdir. Metodik Fond Ədliyyə Nazirliyi tərəfindən formalaşdırılır və idarə olunur.

O, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 iyun tarixli 228 nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkəmə Ekspertizasının Metodik Fondunun yaradılması və istifadəsi Qaydaları” ilə tənzimlənir.

Metodik Fond Ədliyyə Nazirliyinin (www.justice.gov.az), eləcə də Məhkəmə Ekspertizası Mərkəzinin rəsmi internet səhifələrində (www.expert.gov.az) yerləşdirilib və istifadəyə açıqdır.

Fondun məlumat bazası Ədliyyə Nazirliyi ilə yanaşı, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi və Müdafiə Nazirliyinin müvafiq ekspertiza idarələri, habelə elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələri, qanunvericiliyə uyğun olaraq akkreditasiyadan keçmiş sınaq laboratoriyaları, özəl hüquqi şəxslər, eləcə də özəl məhkəmə ekspertləri tərəfindən təqdim edilən məlumatlar əsasında formalaşdırılır.

Məlumat bazasında hər bir elmi-metodik material barədə əsas məlumatlar, o cümlədən elmi-metodik materialın adı, aid olduğu məhkəmə ekspertizası sahəsi, müəllifin və ya müəlliflərin adı, soyadı və atasının adı, yaxud materialı təqdim edən idarə, müəssisə və ya təşkilatın adı və hüquqi ünvanı, materialın nəşr olunduğu il və yer, elmi-metodik materialın tam mətni, materialın Fonda daxil edildiyi tarix və qeydiyyat nömrəsi ilə bağlı digər məlumatlar yer alır.

Metodik Fond məhkəmə ekspertizası sahəsində elmi və metodik məlumatların vahid bazada toplanmasına, sistemləşdirilməsinə və onlardan səmərəli istifadə imkanlarının yaradılmasına xidmət edir. Həmçinin nadir tapılan metodik materialların Fondda sistemləşdirilməsi bu sahədə tədqiqat aparan elmi işçilər üçün faydalı məlumat mənbəyi yaradır.

Məhkəmə Ekspertizasının Metodik Fondu ilə linkə keçid edərək tanış olmaq mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR