Bank Of Baku

Xəzərin problemləri

Xəzərin problemləri
# 30 yanvar 2023 08:00 (UTC +04:00)

Xəzər dənizi Azərbaycanın iqtisadiyyatında önəmli rol oynayıb və oynamaqdadır. Bu gün müasir Azərbaycan iqtisadiyyatının bazisini “Əsrin müqaviləsi” təşkil edirsə, Şahdəniz başda olmaqla, dənizdəki yataqlardan hasil edilən təbii qaz hələ uzun illər Azərbaycan iqtisadiyyatına ciddi töhfə verəcək. Digər tərəfdən, Azərbaycan yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Bu baxımdan Azərbaycanın bərpaolunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Üstəlik, bu gün Orta Asiya, Xəzər və Azərbaycandan keçən Orta Dəhlizin strateji önəmi artıq dünyanın bütün dövlətləri, güc mərkəzləri birmənalı qəbul edir.

Səviyyəsi azalır

Ancaq Azərbaycan iqtisadiyyatında, xalqımızın rifah səviyyəsinin yüksəldilməsində hər zaman xüsusi rol oynayan Xəzərin problemləri də bu gün artmaqdadır.

Son illər Xəzərin səviyyəsinin enməsi müşahidə olunur ki, bu da bir sıra problemlərə yol açır. Ümumiyyətlə, Xəzər dənizinin ən mühüm xüsusiyyəti səviyyəsinin mütəmadi olaraq qalxıb-enməsidir. Xəzər dənizi üzərində müşahidələr 1837-ci ildən başlayıb və səviyyədə 3 dəfə kəskin dəyişmə olub. 1930-cu ildən 1941-ci ilə qədərki dövrdə dənizin səviyyəsi 2 metrə qədər, 1941-ci ildən 1977-ci ilə qədər daha 1 metr düşüb. 1978-1995-ci illər arasında səviyyə 2,5 metr qalxıb. 1996-cı ildən isə qeyd etdiyimiz kimi, yenidən aşağı düşür. Çoxsaylı policoğrafi, arxeoloji, tarixi və müşahidə məlumatları göstərir ki, son 4 min ildə Xəzər dənizinin səviyyə dəyişmələrində illik periodiklik var. 2050-60-cı illərə qədər dənizin səviyyəsinin 1-2 metr düşəcəyi proqnozlaşdırılsa da, Qərbdə bəzi alimlər Xəzər dənizinin səviyyəsinin əsrin sonunadək 9-18 metr enəcəyi qənaətindədirlər. Bəzən Xəzərin getdikcə quruyacağı mülahizələrinə də rast gəlinir. Yaxın tarixə nəzər salsaq, 2005-ci ildən Xəzərin səviyyəsində davamlı enmə müşahidə olunur. Dənizin səviyyəsi 2005-ci illə müqayisədə 1,19 metr aşağı düşüb. Ən çox enmə 30 sm olmaqla, 2021-ci ildə qeydə alınıb. Xüsusilə Xəzərin şimalında Qazaxıstan sahillərində çəkilmələr kilometrlərlə olur. Abşeron yarımadası, Sumqayıt ərazisində 100 metrə qədər, cənub hissədə kilometrlərlə olub.

Xəzərin səviyyəsinin düşməsinin neqativ nəticələri çoxdur. 1978-ci ildən 1995-ci ilə qədər səviyyə 2,5 metr qalxanda Azərbaycanın 50 min hektar ərazisi su altında qalmışdı. Hazırda 1,5 metr düşdüyündən 30 min hektar sudan azad olub. Həmin ərazilər isə şoran torpaqlardır, istifadəsi üçün xeyli yuyulması lazımdır.

Xəzərin səviyyəsinin enməsinin gəmiçiliyə də böyük ziyanı var, çünki dənizdə gəmilər limanlara xüsusi kanallarla gəlirlər. Buna görə də səviyyənin enməsi Xəzəryanı dövlətləri davamlı olaraq dənizin dibinin dərinləşdirilməsi üçün yaxın gələcəkdə böyük həcmli vəsaitlər ayırmasını şərtləndirəcək. Elə nəqliyyat qovşağına çevrilən Azərbaycan da Orta Dəhlizlə bağlı bu məsələyə xüsusi diqqət ayırmalı olacaq. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev son çıxışlarında dəfələrlə Xəzəryanı dövlətləri dənizin dibinin dərinləşdirilməsinə diqqət ayırmağa çağırıb.

Dənizdə ekosistemə təhdidlər

Ən böyük problem isə səviyyənin azalması nəticəsində Xəzərdə ekosistemə tədricən ciddi ziyan dəyməsidir. Dənizin sahil zonalarında balıqların yem bazaları olduğundan səviyyə enəndə onlar yem bazalarını itirir, bu da balıq ehtiyatlarının azalmasına səbəb olur. Xüsusilə Xəzərin şimalında Qazaxıstan sahillərində kilometrlərlə çəkilmələr nəticəsində balıqlar yem bazasının 50 faizini, eyni zamanda kürü qoyma yerlərini də itirirlər. Abşeron yarımadası, Sumqayıt ərazisində 100 metrə qədər, cənub hissədə kilometrlərlə ərazidən dəniz sularının çəkilməsinin də balıqların yem bazasına ciddi zərbə vurduğu şübhəsizdir.

Xəzər dənizi hövzəsində 154, Xəzərin Azərbaycan sektorunda isə 100-ə qədər balıq növü yaşayır. Ancaq son onillikdə Xəzər dənizində balıq ehtiyatları kəskin azalıb və bu da əsasən balıq kütləsinin böyük hissəsini təşkil edən kilkə balıqlarının azalmasında müşahidə olunur. Kilkələrin azalması onlarla qidalanan daha böyük balıqların - siyənək, qızılbalıq, nərəkimilər və suitilərin də azalmasına gətirib çıxarıb. Endemik növ olan Xəzər suitisinin sayı XX əsrin əvvəllərində 1 milyon təşkil etsə də, hazırda onların sayı çox azdır. Üstəlik, bu yaxınlarda Rusiya və Azərbaycan sahillərində suitilərin kütləvi ölümü hallarının aşkarlanması da narahatlıq doğurmaya bilməz.

Balıq ovuna mütəmadi gedənlər və mütəxəssislər də təsdiq edirlər ki, Xəzərdə balıq kasadlaşıb. Xəzərin ən qiymətli varlığı planetimizin qədim canlılarından hesab edilən nərə balığıdır, nərə balığının mövcud dünya ehtiyatının təxminən 85 faizi Xəzərdə cəmləşib. Lakin nərəkimilərin ehtiyatı son 15-20 ildə kəskin azalaraq vətəgə əhəmiyyətini, demək olar ki, itirib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru Mehman Axundovun açıqladığı məlumatlardan aydın olur ki, anomal istilər də sonda Xəzərdə su səviyyəsinin enməsinə, dənizdə biomüxtəlifliyin azalmasına səbəb olur. Məsələn, Kürdə suyun həcmi son 5 il ərzində mövsümdən asılı olmayaraq 45-50 faiz azalıb və suyun həcmi az olan yerlərdə balıqların kürü töküb çoxalması mümkün deyil. Kürdən də Xəzərə axan su nə qədər azdırsa, deməli, balıqların təbii artımı da bir o qədər az olacaq. Son zamanlar isə Kürün suyu Xəzərə, ümumiyyətlə, çatmır və dənizin suyu Kürə daxil olur. Belə olan halda kürütökmə dövründə xüsusilə keçici və yarımkeçici balıqlar çoxala bilmirlər.

Aparılan araşdırmalar onu da göstərir ki, ötən əsrin 80-ci illəri ilə müqayisədə nərəcinsli balıq ehtiyatları 30 dəfədən çox azalıb, son illərdə həmin balıqların təbii bərpası, demək olar ki, dayanıb. Nərəkimilərin vaxtilə çoxalma yeri əsasən Kür və Volqa çayları olub. Ötən əsrin ortalarında həmin çayların üzərində bəndlərin tikilməsi nəticəsində nərəcinsli balıqların təbii çoxalması və kürü tökməsi daha mümkün deyil. Yol bağlandıqdan sonra nərəkimilər kürülərini başqa yerlərə tökməyə başlasalar da, həmin ərazilərdə münbit şərait olmadığına görə onların kürüləri sıradan çıxır.

Bir maraqlı məqam da diqqət çəkir. Hər il Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının mütəxəssislərindən ibarət ekspedisiya qrupu tərəfindən Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin adını daşıyan elmi-tədqiqat gəmisi ilə Xəzərdə monitorinqlər həyata keçirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin məlumatlarında bəlli olur ki, neft-qaz hasilatı həyata keçirilməsinə baxmayaraq, son zamanlar müasir texnologiya və avadanlıqlardan istifadə nəticəsində dənizdə çirklənmə azalıb.

Bütün bunlar göstərir ki, hazırda Xəzər dənizinin ekosistemi üçün ən ciddi təhdid məhz suyun səviyyəsinin son illər sürətlə enməsidir.

Xəzəri dərdə salan səbəblər

Dənizin səviyyəsinin dəyişməsinə əsas səbəb onun su balansı elementlərinin dəyişməsidir. Səviyyə özünün ən yüksək qiymətini iyun-avqust, ən aşağı qiymətini isə dekabr-fevral aylarında alır.

Xəzər qapalı su hövzəsidir və dünya okeanından ayrı olduğu üçün onun səviyyəsi dənizə daxil olan və gedən sularla əlaqədar dəyişilə bilir. Gəlir hissəni çay suları, yağıntılar və yeraltı sular təşkil edir. Xaric olunan isə dəniz səthindən buxarlanan və Qaraboğazgöl körfəzinə gedən sulardır. Əgər dənizə daxil olan su çox olarsa, səviyyə qalxır. Xəzərdən şimalda dənizə su gətirən iki böyük çay - Volqa bütün suların təxminən 80 faizini, Ural isə 5 faizini təşkil edir. Son illərdə Xəzərə gələn çay sularının təxminən 30 faizə qədər azalması və buxarlanmanın artması nəticəsində dənizin səviyyəsi enir. Buna əsas səbəb Xəzərin hövzəsi üzərində atmosfer sirkulyasiyası, siklon və antisiklonlardır. Son illərdə dənizdə antisiklonik vəziyyət yaranıb. İndi şərqdən daxil olan küləklər quru hava kütləsi yaradır. Bu da buxarlanmanın artmasına şərait yaradır. Əvvəllər isə Atlantik okeanı sahillərindən rütubətli hava kütlələri daxil olurdu. İqlim dəyişmələri ilə əlaqədar dənizdə suyun temperaturunun artması balıqların populyasiyasına təsir da göstərir və onlar digər areallara doğru miqrasiya edirlər.

Beləliklə, birincisi, biomüxtəlifliyə dəyən ziyanı aradan qaldırmaq və balıqların təbii çoxalmasına şərait yaratmaq üçün Xəzər dənizinə axan çaylarda suyun alınmasını optimallaşdırmaq lazımdır. Bunun üçün müasir suvarma sistemlərindən istifadə genişləndirilməli, bu sahədə daha çox təşviqedici addımlar atılmalıdır. İkinci, su-elektrik stansiyaları üçün bəndlərin tikintisini dayandırmaq lazımdır. Üçüncüsü, ən əsası isə suyun səviyyəsinin enməsinin əsas səbəbinin qlobal iqlim dəyişikliyi olduğu unudulmamalıdır Çay sularının azalması və buxarlanmanın artması bu prosesə ən çox təsir göstərən amillərdir. Qlobal iqlim dəyişikliyinə yol açan əsas səbəblər (kömür, neft kimi yanacaq növlərindən istifadə nəticəsində atmosferə atılan qazların istixana effekti yaratması, planeti zərərli təsirlərdən qoruyan ozon təbəqəsinə zərər dəyməsi və s. n ) də məlumdur və çıxış yolu alternativ, bərpa olunan enerji növlərinə sürətli keçiddir. Bəşəriyyət artıq sürətlə ənənəvi yanacaq növlərindən istifadəni məhdudlaşdırmalı, külək, günəş və su enerjisinə üstünlük verməlidir. Azərbaycan artıq bu sahədə yol xəritəsini müəyyənləşdirib, yaşıl enerji istehsalının sürətlə artırılmasını hədəf kimi müəyyənləşdirib, azad edilmiş ərazilər də yaşıl enerji istehsalına töhfə verəcək. Xəzərin də bu sahədə böyük potensiala malik olduğu məlumdur. Deməli, Xəzəryanı dövlətlər, xalqlar, ümumən bəşəriyyət ilk növbədə qlobal iqlim dəyişikliyini yaradan səbəblərin aradan qaldırılmasına diqqət yönəltməlidir.

Bir məqamı da xüsusi qeyd etmək lazımdır. 1930-cu illərdə Xəzərin səviyyəsi enəndə Lənkəran, Neftçalada dənizin çəkildiyi yerlərdə evlər tikilib, bağlar salınıb. 1977-ci ildən səviyyə qalxmağa başlayanda hamısı suyun altında qalıb, kəndlər köçürülüb. Bütün bunlar göstərir ki, sahilə çox yaxın ərazilərdə tikinti aparmaq olmaz.

Dəniz də canlıdır və bu canlı mühit qoruna bilinməzsə, Xəzər artıq xalqlar üçün bir rifah qaynağı deyil, ekoloji fəlakət, bu xalqların həyatı üçün ən böyük problemlərdən birinə çevrilə bilər. Yaxın tarixdə Aral və Urmiya gölləri ilə bağlı yaşananlar bunun bariz nümunəsidir...

Yaşar Ağazadə

Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Ətraf mühitimiz: Nələri bilək, nələri qoruyaq?” layihəsi çərçivəsində hazırlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR