Bank Of Baku

Azərbaycan və Türkiyə ali məktəblərinin magistraturasına sənəd qəbulu başlanır

Azərbaycan və Türkiyə ali məktəblərinin magistraturasına sənəd qəbulu başlanır
# 08 aprel 2009 15:21 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 13-dən 2009-2010-cu tədris ili üçün Azərbaycan ali məktəblərinin magistraturasına sənəd qəbuluna başlayacaq. Komissiyanın ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, sənədlərin qəbulu internet vasitəsilə aprelin 20-dək davam edəcək. Sənəd vermək istəyən bakalavrlar şəxsiyyət vəsiqəsindən (nömrəsindən və PİN kodundan) və "TQDK-nın ödəmə kartı"ndan (iş nömrəsi və şifrindən) istifadə etməklə TQDK-nın müvafiq internet səhifəsinə (tqdk.gov.az/erizemagistr) daxil olaraq "Bakalavrın elektron ərizəsi" formasını doldurmalıdırlar. Bundan sonra bakalavr bitirdiyi ali məktəbdə TQDK tərəfindən yaradılmış müvafiq sənəd qəbulu komissiyasına tələb olunan sənədləri təqdim edərək “Bakalavrın elektron ərizəsi” formasını təsdiqlətdirməlidir. Qəbul imtahanları Bakı və Naxçıvan şəhərlərində iki mərhələdə keçiriləcək. Birinci mərhələdə test üsulu ilə bakalavrın məntiqi təfəkkürü, informatika və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə test üsulu ilə (bəzi proqramlar üzrə isə yazılı imtahanla) qəbul olunmaq istədiyi ixtisas üzrə bilik səviyyəsi yoxlanılacaq. Hər iki mərhələdə bakalavrın hər düzgün cavabı bir balla qiymətləndiriləcək, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərməyəcək.

Türkiyə universitetlərinin magistraturasına da qəbul elan edilib. Bu məktəblərin magistraturasına Azərbaycan ali məktəblərinin bakalavr pilləsini bitirmiş və ya cari ildə bakalavr pilləsinin sonuncu kursunda təhsil alan, bu il yanvarın 1-dək yaşı 27-yə çatmamış, bakalavr pilləsi üzrə orta balı 5 ballıq qiymət şkalasında 4-dən (100 ballıq şkalada - 70-dən) aşağı olmayan Azərbaycan vətəndaşları qəbul oluna bilər. Magistratura pilləsinin tələbəsi və ya məzunu olan, həmçinin hərbi xidmətdən möhləti olmayan şəxslər bu hüquqa malik deyillər. Türkiyə universitetlərinin magistr ixtisaslarına müsabiqə Azərbaycan ali məktəblərinin magistr ixtisaslarının müsabiqəsi ilə birgə aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR