Bank Of Baku

Azərbaycanın təhsil naziri: “Hər bir təhsil müəssisəsi rəhbərinin məktəbini və məktəbdə təhsil alan şəxsi qorumağa yetərincə imkanı var”

Azərbaycanın təhsil naziri: “Hər bir təhsil müəssisəsi rəhbərinin məktəbini və məktəbdə təhsil alan şəxsi qorumağa yetərincə imkanı var”
# 04 may 2009 09:19 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri təhsil naziri Misir Mərdanov Azərbaycan Dövlət Neft Akademiyasında aprelin 30-da baş verən terror hadisəsindən sonra nazirliyin gördüyü işlərlə bağlı məlumat verərkən bildirib. Nazir bəzi məktəb rəhbərlərinin dövlətin onlara kifayət qədər vəsait ayırmadığı ilə bağlı fikirlərlə razılaşmadığını da deyib: “Mənə elə gəlir ki, istəyi olan hər bir təhsil müəssisəsinin rəhbərinin məktəbini və məktəbdə təhsil alan şagirdini qorumağa yetərincə imkanı var. Biz özümüzdən asılı olan bütün addımları atmalıyıq ki, tələbələrimiz və şagirdlərimiz onların həyatının dövlət tərəfindən qorunduğuna əmin olsunlar. Hər birimiz belə hadisələrin baş verməməsinə çalışmalıyıq. Mən inanıram ki, bu hadisə Azərbaycanda birinci və sonuncu hadisə olacaq”.

Nazir hələlik ali məktəblərə giriş üçün kart sisteminin tətbiqinin nəzərdə tutulmadığını da deyib: “Lakin nəzərə alsaq ki, böyük ali məktəblərə bir gündə 15-20 min adam daxil olur, bu o qədər də asan məsələ deyil. Dəfələrlə çalışmışıq ki, heç olmasa tələbələri ali məktəbə tələbə bileti əsasında buraxaq. Amma bunun özü də çətin işdir. Çünki 20 min adam 10-15 dəqiqə ərzində binaya daxil olmalıdır”.

M. Mərdanov ictimaiyyətin hər bir nümayəndəsinin, o cümlədən təhsil müəssisələrinin rəhbərlərinin və valideynlərin də gözüaçıq olmasının vacibliyini vurğulayıb: “Ətrafımızda baş verən, yaxud da baş verməyə şərait yaradan hər xırda işə diqqətli yanaşmalıyıq. Təəssüf ki, əksər halda bəzi məsələlərə etinasız və məsuliyyətsiz yanaşırıq. Buna görə də başımıza çox iş gəlir”.

Nazir Daxili İşlər Nazirliyinin xüsusi qurumu ilə Təhsil Nazirliyinin müqaviləsinin olduğunu, bu müqavilə əsasında ali təhsil obyektlərinin mühafizə olunduğunu deyib: “Bu mühafizə var. Sadəcə, onu ağılı və səmərəli təşkil etmək lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR