Bank Of Baku

Əmək pensiyalarının iş stajı əsasında hesablanması ilə bağlı təkliflər prezidentə təqdim ediləcək

Əmək pensiyalarının iş stajı əsasında hesablanması ilə bağlı təkliflər prezidentə təqdim ediləcək
# 04 may 2009 11:50 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Dövlət Sosial Müdafiə Fondunun Azərbaycanda əmək pensiyalarının iş stajı əsasında hesablanması üçün “Əmək pensiyası haqqında” qanuna dəyişikliklər edilməsi ilə bağlı ötən ilin avqustunda təqdim etdiyi təkliflər artıq müvafiq qurumlarla razılaşdırılıb. APA-nın məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov deyib ki, təkliflər yaxın günlərdə Nazilər Kabineti tərəfindən ölkə prezidentinə təqdim ediləcək, daha sonra isə təkliflərin Milli Məclisdə müzakirəyə çıxarılması nəzərdə tutulub. Bu təkliflərə əsasən 2006-cı il yanvarın 1-dək olan dövrdə qazanılmış pensiya hüquqlarının müəyyənləşdirilməsi zamanı əməkhaqqına istinad aradan qaldırılmalı, hesablamalar vahid prinsiplə iş stajı əsasında aparılmalıdır. Pensiya hesablanarkən pensiyaçının bütün əmək stajının vaxtından 5 il çıxılacaq. Qalan hər il üçün ona həmin dövrdə olan baza pensiyasının 8 faizi qədər vəsait hesablanacaq. S. Müslümov bildirib ki, bu dəyişiklik reallaşdıqdan sonra artıq avtomatlaşdırılmış pensiya hesablama sistemi hər vətəndaşa xidmət göstərəcək: “Ondan sonra pensiya təminatı sektorlarını ləğv edəcəyik. Bir nəfər informasiya sisteminə, bir nəfər də əlil və ailə başçısını itirmiş şəxslərə qulluq göstərəcək. Pensiyanı avtomatlaşdırılmış şəkildə mərkəzi baza təyin edəcək”.

Fond sədrinin sözlərinə görə, yeni dəyişikliklərdə pensiyaya çıxmaq istəyən vətəndaşlara seçim hüququ da verilib. Belə ki, pensiyanın hesablanması zamanı iş stajı əsas götürülməyə də bilər: “Kimsə pensiyanın staj əsasında hesablanmasını istəmirsə, onda bizə müraciət edə və aldığı əmək haqları barədə arayışlar təqdim edə bilər. Əgər təqdim etməzsə, o zaman sovet dövründə hansı sahə üzrə işləyibsə, həmin sahə üzrə orta aylıq əməkhaqqını götürərək onun əsasında pensiyaya çıxmaq istəyən şəxsin orta aylıq əməkhaqqını müəyyənləşdirə bilərik”.

S. Müslümov qeyd edib ki, bu il təkliflərə baxılsa, gələn ildən bu təkliflər tətbiq edilə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR